Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ulu öndər Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir
Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.
Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlərdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Bu bir faktdır ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil.
Dilimizin keçdiyi çətin dövrlərdən biri də SSRİ dövrü idi. SSRİ Konstitusiyası qəbul edildikdən sonra milli dillərin sıxışdırılması üçün daha ciddi tədbirlər görülməyə başladı. O dövrün çətinliklərinə baxmayaraq öz xalqını, millətini böyük məhəbbətlə sevən ümumilli lider Heydər Əliyev ötən əsrin 70-ci illərində ana dilinə dövlət dili statusunun verilməsi uğrunda cəsarətlə və qətiyyətlə mübarizə aparmağa başladı. Ulu Öndər məqsədinə çatmaq üçün Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddənin salınmasına çalışırdı. Heydər Əliyev ziyalıları da mübarizəyə cəlb edərək bu prosesi daha da gücləndirdi. Moskvadakı rəhbər xadimlər müxtəlif bəhanələr gətirərək bunun qarşısını almaq istəsələr belə, xalqını, millətini böyük məhəbbətlə sevən ulu öndər inadından əl çəkmədi. Öz məqsədinə çatmaq üçün fəaliyyətini israrla davam etdirdi. Və nəhayət, ulu öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Heydər Əliyev yaranmış ağır vəziyyətdə SSRİ-nin o vaxtkı rəhbəri L.İ.Brejnevlə danışdıqdan sonra Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyaya salınması məsələsini, nəhayət, birdəfəlik həll etdi. Bu Konstitusiyda ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dövlət dili statusu aldı.
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorudu. Bundan sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail oldu. Hələ Kommunist ideologiyasının hökmranlıq etdiyi dövrdə ulu öndər deyirdi: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin davamlı inkişafı və qorunması sahəsində mühüm işlər görülmüş, bir sıra fərman və qanunlar qəbul edilmişdir. 2001-ci ildə Ümummilli Liderin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı imzalanmışdır. Bu Fərman dilimizin inkişafı və tətbiqində yaranan problemlərin aradan qaldırılmasında xüsusi rol oynamışdır. Ulu Öndərin 2001-ci ildə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” imzaladağı digər Fərmana əsasən ölkəmizdə hər il 1 avqust tarixi Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Daha sonra, 2002-ci ildə Azərbaycan dilinin tətbiqi, qorunması, inkişafı və ana dilinin dövlət dili kimi hüquqi statusunun təsbit olunması məqsədilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi.
Ulu Öndərin Azərbaycan dilinin inkişafına, qorunub saxlanmasına verdiyi xüsusi dəyər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mühüm strateji istiqamətlərindən biri kimi Azərbaycan dilinin mühafizəsi və təbliği yönündə reallaşdırılan fundamental tədbirlər həm də milli ideologiyanın - Azərbaycançılığın daha da möhkəmlənməsini və kütləvilik səviyyəsinin daha da artmasını şərtləndirib.
Nəbi İbrahimov,
Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri
Bu xəbər üçün şərh yazın