Azərbaycan Dövlət Aqrar Universitetində elmi-praktik konfrans keçirilib
Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “5 iyun Ümumdünya Ətraf Mühit Günü”nə həsr olunmuş “İşğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyətin aqrar sahəyə təsiri, problemlər və perspektivlər” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.
Faktinfo.az xəbər verir ki,konfransı giriş sözü ilə açan ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov əlamətdar günün əhəmiyyətini və işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpa olunmasının vacibliyini diqqətə çatdırıb.
Qeyd olunub ki, konfransın məqsədi ətraf mühitin mühafizəsinə diqqət çəkməklə Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixində imzaladığı və ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə və onların ilkin qiymətləndirilməsi ilə bağlı tapşırıqların da qeyd olunduğu “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmana uyğun olaraq həmin ərazilərdə ekoloji vəziyyətin qiymətləndirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təkliflərin verilməsindən ibarətdir.
Konfransda Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru İmran Cümşüdov, Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Firuddin Tağıyev, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Heyvan Sağlamlığı şöbəsinin müdir müavini Ceyhun Əliyev, Gəncə Dövlət Universitetinin Ekologiya kafedrasının müdiri Sevda Əhmədova, AMEA-nın Gəncə Bölməsinin aparıcı elmi işçisi Elşad Məmmədov, ADAU-nun Ekologiya kafedrasının müdiri Musa Bayramov, ADAU-nun Ekologiya kafedrasının əməkdaşı Günay Abbasova, ADAU-nun Ekologiya kafedrasının əməkdaşı Mədinə Abışova və ADAU İnnovasiyalar Mərkəzinin idarəetmə üzrə koordinatoru Elvin Ağayev məruzə ediblər və tədbirin sonunda qarşılıqlı maraq doğuran suallar ətrafında müzakirələr aparılıb.
Məruzələr işğaldan azad edilmiş ərazilərdə təbii resursların ekoloji durumu, kənd təsərrüfatı sahəsinin elmi və kadr təminatı, işğaldan azad olunmuş ərazilərdə təbii resurslardan səmərəli istifadənin sosial-iqtisadi və ekoloji əsasları, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı, Ağdam rayonunun aqrar potensialı məsələlərini əhatə edib.
Bu xəbər üçün şərh yazın