AZƏRBAYCAN MƏHKƏMƏSİNDƏ ŞOK –

AZƏRBAYCAN MƏHKƏMƏSİNDƏ ŞOK – Qətl ittihamı ilə 11 il iş alana bəraət verildi!

Qəsdən adam öldürmə ittihamıyla 11 il azadlıqdan məhrum edilən və 4 ildir həbsdə olan Polad İsmayılova bəraət verilib.

O, dekabrın 28-də Şəki Apellyasiya Məhkəməsinin hökmüylə bəraət alaraq, məhkəmə zalından azadlığa buraxılıb.

Hökmü Rövşən Rəfiyev, Xaqani Məmmədov və Elçin Hüseynovdan ibarət hakimlər kollegiyası çıxarıb. Məhkəmə onun təqsirsiz olduğu qənaətinə gəlib. Onlar P.İsmayılova bəraət verməklə yanaşı, həm də bu işin istintaqını aparan şəxslər haqqında xüsusi qərar çıxarıb.

50 yaşlı Polad İsmayılov 2011-ci ilin fevralında Zaqatalada 61-yaşlı Seyran Əyyubovanı qətlə yetirməkdə suçlanırdı. O, hadisədən 9 il sonra – 2020-ci ilin fevralında həbs olunub. Öncə ona polisə müqavimət ittihamıyla – İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə 10 sutka həbs cəzası verilib. Sonradan isə S.Əyyubovanın qətlilə bağlı ittiham irəli sürülüb. İddia edilib ki, P.İsmayılov inzibati həbsdə olduğu müddətdə məktub yazıb, 9 il öncə törətdiyi cinayətə görə vicdan əzabı çəkdiyini və indi etiraf etdiyini göstərib.

Cinayət işinin materiallarına görə, “Mega Trans” MMC-də sürücü işləyən, yük maşınları idarə edən P.İsmayılov Zaqatala-Balakən bölgəsində olanda evini müxtəlif adamlara günlük kirayə verən S.Əyyubovanın evində qalırdı. O evdə elə gün olub ki, eyni vaxtda 10-15 nəfər gecələyib. Qətlin səbəbinə gəlincə, iddia olunur ki, P.İsmayılov hadisədən bir neçə il öncə S.Əyyubovanın evinə qadın gətirib. Ev sahibi bir müddət sonra bu haqda polisə məlumat verib. Bu üzdən də aralarında ədavət yaranıb. Bundan başqa, hadisədən bir gün öncə gecə ev sahibi P.İsmayılova onun istədiyi çarpayıda yatmağa icazə verməyib. Deyib ki, orada başqası yatacaq. Səhər oyananda P.İsmayılov həmin çarpayının boş olduğunu görüb, qadının ona yalan danışdığını düşünüb. Bu səbəblərdən ondan qisas almaq qərarına gəlib. Bu ittihamla 2020-ci ildə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 11 il azadlıqdan məhrumetmə cəzası kəsilib. Şəki Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.

Lakin 2023-cü il mayın 26-da Ali Məhkəmə aşağı instansiyanın qərarını ləğv edib. Rəşad Abdulovun sədrlik etdiyi hakimlər kollegiyası bu işdə çoxsaylı ziddiyyətlər olduğunu əsas gətirərək, yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarıb. P.İsmayılov Şəki Apellyasiya Məhkəməsində təkrar araşdırmalar zamanı bildirib ki, 4 ilə yaxındır törətmədiyi cinayətə görə cəza çəkir. Onun sözlərinə görə, 9 il bağlı qalmış cinayətin üstünün açılması görüntüsünü yaratmaq üçün onu qurban seçiblər. O vurğulayıb ki, cinayəti işgəncə, təhdid yoluyla onun üzərinə qoyublar: “Əl-ayağımı “skoçladılar”, o qədər döydülər, deyiləsi deyil. Gördülər ki, alınmır. Eləmədiyim şeyi necə boynuma götürüm. Məni övladlarımla hədələdilər, bir də dedilər ki, o murdar hərəkəti də boynuna qoyacağıq. Bildim ki, bunlardan nə desən, gözləmək olar. Övladlarım, ailəm var, mən o adla həyatıma necə davam eləyim, ona görə razılaşdım...”

Dekabrın 28-də məhkəmədə prokuror 11 illik hökmün qüvvədə saxlanmasını istəyib. Dövlət ittihamçısı Abdulla Abdullayev bildirib ki, P.İsmayılovun bu cinayəti törətməsi konkret faktlarla sübuta yetirilib. P.İsmayılovun vəkili Zabil Qəhrəmanov isə müvəkkilinin təqsirsiz olduğunu vurğulayaraq, ona bəraət verilməsini istəyib: “Polad İsmayılovun qan qrupu birinci qrupdur, hadisə yerindən tapılmış qan isə üçüncü qrupdur. Yazıblar ki, evə Yeganə adlı qadını gətirib. Niyə prokurorluq o Yeganənin kimliyini müəyyənləşdirməyib, onu dindirməyib? Çünki belə bir boşanmış adam yoxdur, yalandır. Hadisədən sonra kranın altından qanlı bıçaq tapılıb. Polad İsmayılov isə ifadəsində deyir ki, öldürəndən sonra bıçağı aparıb, Kürdəmirdə çaya atmışam. Cinayət evin başqa otağında baş verib, Polad İsmayılov isə videogörüntülərdə zalı göstərir...”, - vəkil işdəki ziddiyyətlərin bir qismini sadalayıb.

P.İsmayılov özü isə son sözündə təqsirsiz olduğunu vurğulayıb və məhkəmədən ədalətli hökm çıxarmasını istəyib. Ardından müşavirəyə gedən hakimlər təxminən 15 dəqiqə sonra geri qayıdaraq, bəraət hökmünü elan edib.

P.İsmayılov azadlığa çıxandan sonra “Azadlıq” radiosuna açıqlamasında deyib ki, törətmədiyi cinayət onun boynuna qoyulmuşdu. Bu baxımdan, azadlıq onun haqqı idi: “Bu haqqımın mənə qaytarılmasında mənə yardım edən vəkilimə, bəraət hökmünü çıxaran hakimlərə, həmçinin Ali Məhkəmədə işimə düzgün baxan Rəşad Abdulova minnətdaram. Cinayəti aça bilmirdilər, mən də fağır adamam, yıxmışdılar üstümə. Amma Allah var, gec də olsa, ədalət oldu...”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər