Azərbaycan Milli Kitabxanası CENL-in növbəti illik iclasında təmsil olunur - FOTOLAR
Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Polşa Milli Kitabxanasının ev sahibliyi etdiyi 38-ci CENL illik iclasında iştirak edir.
Faktinfo.az xəbər verir ki,CENL Avropanın 46 ölkəsindən milli kitabxanaların üzv olduğu bir kitabxana təşkilatıdır. Hər il fərqli bir ölkədə keçirilən iclasa bu il Varşava ev sahibliyi edir.
Konfransı CENL sədri Frank Scholze açaraq tədbirin yüksək səviyyədə təşkil edilməsində əməyi keçən bütün heyətə öz təşəkkürünü bildirib. Ardınca Polşa Milli Kitabxanasının baş direktoru Tomas Makovski bütün iştirakçıları salamlayıb və konfransın işinə uğurlar arzulayıb.
İclasın ilk günü salamlama nitqlərindən və bütün nümayəndələrin təqdim edilməsindən sonra CENL-in 2023-cü ildə Fransanın paytaxtı Parisdə keçirilən 37-ci illik iclasının protokolu və illik hesabatı müzakirə edilib. Təşkilatın maliyyə hesabatı və növbəti il üçün büdcəsi də müzakirə edilib, səsverməyə qoyularaq qəbul olunub.
İclasın davamı olaraq Finlandiya Təhsil və Mədəniyyət Nazirliyindən Minna Karvonen “Rəqəmsal mədəni irs - zamanları, ideyaları və insanları birləşdirir” mövzusunda təqdimatla çıxış edib.
Sonra CENL üzvlərindən Fransa, Almaniya, Serbiya, İspaniya, Belçika, Luksemburq, Estoniya Milli Kitabxanalarının rəhbərləri CENL-ə üzv olan kitabxanalarda elektron qanuni depositin statusu haqqında təqdimat ediblər.
Daha sonra CENL-ə üzv olan kitabxanalarda elektron qanuni depozitin vəziyyəti, qanunvericilik, tələblər, musiqi, təcrübələr haqqında danışılıb, iclas müzakirələrlə davam edib.
Konfrans öz işinə 18 iyun tarixində davam edəcək.
Bu xəbər üçün şərh yazın