Azərbaycan Misirin dəstəyini həmişə yüksək qiymətləndirir
Azərbaycan-Misir münasibətlərinin qədim tarixi kökləri var. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Afrika qitəsinin şimal-şərqində yerləşən Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb.
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, müasir Azərbaycan-Misir əlaqələrinin formalaşmasında həlledici amil kimi çıxış edən mühüm məqamlardan biri də Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misirin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləməsi və üzv olduğu beynəlxalq təşkilatlarda ölkəmizin ədalətli mövqeyini daim müdafiə etməsidir:
“ Bu gün Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir və iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var”.
K.Qafarov qeyd edib ki, ki, Prezident İlham Əliyevin iyun ayının 7-də Misir Ərəb Respublikasına rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına böyük töhfə verəcək:
“Cənab Prezident İlham Əliyev Qahirəyə rəsmi səfər çərçivəsində iyunun 8-də Misirin paytaxtında mətbuata bəyanatla etdiyi çıxışında bildirdi ki, ölkələrimiz arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır və bu dialoq bundan sonra da davam etdiriləcək. Diqqətəlayiq haldır ki, bütün beynəlxalq məsələlərdə Misir və Azərbaycanın fikirləri üst-üstə düşür. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edir, habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dörd il ərzində daim Misirin ölkəmizə dəstək verdiyini xüsusi qeyd etdi. Azərbaycanın sədrliyi nəticəsində Qoşulmama Hərəkatı daha böyük imkanlara malik olmuşdur. Azərbaycanın Hərəkata sədrliyi dövründə daim diqqət mərkəzində saxlanılan məsələlərdən biri də Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması ilə bağlı olub. Cənab Prezident bu xüsusda dövlətimizin prinsipial mövqeyini bir daha vurğulayaraq bildirdi ki, müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Azərbaycan hər zaman bütün dünyada sülhün tərəfdarı və təbliğatçısı kimi çıxış edib. Dövlət başçımız Misirdə verdiyi bəyanatında da bir daha bildirdi ki, Qəzzada yaşanan faciə tezliklə dayandırılmalı, müharibəyə son qoyulmalı və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır” .
Bu xəbər üçün şərh yazın