"Azərbaycan -Rumıniya əlaqələri hər iki ölkənin maraqlarına cavab verir" -Aqiyə Naxçıvanlı
"Bu gün Azərbaycan özünün Avropa ölkələri ilə əlaqələrini həm ikitərəfli, həm də çoxtərəfli formatlarda inkişaf etdirir.
Artıq bir çox Avropa ölkələri ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. O cümlədən uzun müddətdir ki, Azərbaycanla dostluq münasibətləri olan ölkələrdən biri də Rumıniyadır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin keçən ay Buxarestə rəsmi səfəri bunu bir daha təsdiqlədi. Bu hadisədən cəmi bir ay sonra, fevral ayının 2-də isə artıq Rumıniya Prezidenti Klaus Yohannis ölkəmizə rəsmi səfərə gəlib. Dövlət başçımızın da mətbuata bəyanatında qeyd olunduğu kimi, bu, onu göstərir ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir. Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Hər iki ölkənin dövlət başçılarının görüşü zamanı müzakirə olunan və həll edilən məsələlər də önəmli strateji əhəmiyyət kəsb edir. Dövlət başçılarının qarşılıqlı səfərləri də bunu göstərir ki, ölkələrimiz arasında siyasi əlaqələr çox yüksək səviyyədədir."
Faktinfo.az xəbər verir ki,bu sözləri mətbuata açıqlamasında Rumıniya prezidentinin Azərbaycana səfəri çərçivəsində hər iki ölkənin maraqlarına cavab verən ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə münasibət bildirən Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Milli Məclisin üzvü Azərbaycan Respublikası ilə Rumıniya arasında energetika sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bunları deyib: "Bu gün Azərbaycan və Rumıniya arasında mövcud olan enerji sahəsində əməkdaşlıq hər iki ölkənin uzun illər ərzində apardıqları uğurlu siyasət, atılan birgə addımlar nəticəsində mümkün olub. Ölkəmizin bu istiqamətdə çox fəal olaraq çalışması nəticəsində iki il bundan əvvəl Cənub Qaz Dəhlizi layihəsi icra edildi və Azərbaycanın təbii qaz resurslarının Avropa İttifaqı məkanına çatdırılmasına başlandı. Əlbəttə ki, Rusiya-Ukrayna müharibəsi səbəbilə təbii qazın ixrac həcmi bu gün artıq Avropa ölkələrini qane eləmir. Buna görə də enerji təhlükəsizliyi məsələsi indi Avropa ölkələri üçün bir nömrəli problemə çevrilib. Təbii ki, Azərbaycan da etibarlı tərəfdaş ölkə olaraq bu problemin həllində önəmli rol oynayır. Keçən il Avropa Komissiyası ilə imzalanmış sənədə əsasən, Azərbaycan qaz təchizatını iki dəfədən də çox artırmağı planlaşdırır.
Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Rumıniyaya, ondan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Beləliklə, Rumıniya həm də Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək. Enerji təhlükəsizliyi məsələləri müasir dünyamızda xüsusi əhəmiyyət daşıyır və dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra da Avropa üçün etibarlı tərəfdaş olsun. Bununla yanaşı son dövrlərdə ölkəmizdə yaşıl enerji istehsalı istiqamətində çox önəmli addımlar atılmışdır. Artıq icra olunan layihələr ölkəmizi Avropa üçün daha da önəmli edəcək. Keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq. Bununla da Azərbaycanın Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyində oynadığı rolun önəmi bir qədər də artacaq", - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bu xəbər üçün şərh yazın