"Azərbaycan Türkiyə ilə müttəfiqlik bəyannaməsinin eynisini Rusiya ilə də imzalamaqla..." -Aqiyə Naxçıvanlı
"Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət yürüdür, beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ edir.
Azərbaycanın humanitar, mədəni, iqtisadi, siyasi-hərbi və digər sahələrdə yüksək qarşılıqlı tərəfdaşlıq əlaqələrinə malik olduğu ölkələrdən biri də BMT Təhlükəsizlik Şurasının üzvü kimi dünyanın ən güclü ölkələrindən biri olan Rusiyadır. Qeyd olunmalıdır ki, bu əməkdaşlıqda iki ölkə lideri arasındakı qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibətləri də mühüm rol oynayır. Nəzərə almaq lazımdır ki, Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni regional nizam formalaşıb və bu nizamın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Türkiyə ilə müttəfiqlik bəyannaməsi imzalayan Azərbaycan eynitipli bəyannaməni 2022-ci ildə Rusiya ilə də imzalamaqla bölgədəki yeni konfiqurasiyanı möhkəmləndirmiş oldu. Bu, həm də müharibədə əldə etdiyimiz qələbənin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi baxımından son dərəcə əhəmiyyətli bir qərar idi.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında VI çağırış Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.
Deputat bildirib ki, Rusiya Prezidentinin Azərbaycana dövlət səfəri ölkələrimiz arasında müttəfiqlik əlaqələrinin daha sürətli inkişafına təkan verəcək: "Bu fikir öz əksini Azərbaycan və Rusiya Prezidentlərinin avqustun 19-da Bakıda mətbuata bəyanatla etdikləri çıxışlarında da öz əksini tapıb. Cənab Prezident İlham Əliyev öz çıxışında xüsusi olaraq vurğuladı ki, Azərbaycan və Rusiya müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərirlər. Prezident Vladimir Putinin Azərbaycana dövlət səfəri isə xüsusi xarakter daşıyır. Bu səfər ölkələrimiz arasında münasibətlərin həqiqətən ən yüksək səviyyədə dinamik şəkildə inkişaf etdiyini göstərir. Cənab Prezident öz çıxışında belə bir vacib məqamı da qeyd etdi ki, bu gün bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır. Məhdud tərkibdə görüşdə regional təhlükəsizliklə bağlı məsələlərin geniş müzakirə edildiyini diqqətə çatdıran dövlət başçısı ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yarandığını bir daha vurğuladı. Bu şərait əlbəttə ki, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etməsilə bağlıdır və təbii ki, Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Regional sabitlik və təhlükəsizliyin təmin olunması isə bir çox hallarda məhz Rusiya-Azərbaycan münasibətlərinin təsiri altında formalaşan proses kimi özünü büruzə verir” – deyə, Aqiyə Naxçıvanlı bildirib.
Bu xəbər üçün şərh yazın