"Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi: Teymur Elçin -100"

"Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi: Teymur Elçin -100" 

Bu gün Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair, publisist, tərcüməçi, ictimai xadim Teymur Elçinin (Teymur Süleyman oğlu Əliyev) anadan olmasının 100 ili tamam olur. O, 28 mart 1924-cü ildə Şuşada anadan olub.

Faktinfo.az xəbər verir ki,Teymur Elçinin Azərbaycan uşaq ədəbiyyatının zənginləşməsində çox böyük xidmətləri olub.

Ədəbi yaradıcılığını bütünlüklə uşaqlara həsr edən şairin “Qar qız”, “Qulaq asın, danışım”, “Bahar, adlar, uşaqlar”, “Sözlər, nəğmələr, nağıllar, laylalar”, “Laylalar”, “Şəkərim, duzum”, “Torağayın nəğməsi”, “Babalar, nənələr, nəvələr ”, “Kirpinin laylası”, “Turacın laylası”, Siçan balası” və s. kimi şeirlərində uşaq aləminin min bir məqamı öz əksini tapıb.

Onun bir sıra şeirlərinə Fikrət Əmirov, Tofiq Quliyev, Rauf Hacıyev, Əşrəf Abbasov, Süleyman Ələsgərov, Oqtay Zülfüqarov, Oqtay Rəcəbov və başqa bəstəkarlar tərəfindən çoxlu sayda mahnılar bəstələnib.

Teymur Elçinin  bədii tərcümə sahəsində də xüsusi xidmətləri olub. Onun İ.V.Turgenev, S.Marşak, K.Çukovski, P.Voronko, Y.Raynis və başqalarının əsərlərindən etdiyi tərcümələr bu gün də Azərbaycan klassik tərcümə irsimizin ən gözəl nümunələri kimi  Azərbaycan oxucularının ən çox sevdiyi və mütaliə etdiyi əsərlər sırasında öz yerini tutmaqdadır.

Teymur Elçinin həm də bir ictimai xadim kimi Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri vardır. O uzun zaman Dövlət Radio və Televiziya Komitəsinin və Mədəniyyət Nazirliyinin rəhbərliyində çalışıb və bu sahədə böyük təşkilatçılıq fəaliyyəti göstəribdir.

Uşaq ədəbiyyatımızın görkəmli nümayəndəsi Teymur Elçinin 100 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanası tərəfindən “Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi: Teymur Elçin -100” adlı  virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.

 Vitual sərgidə  Teymur Elçinin əsərləri, tərcümələri, sözlərinə bəstələnmiş musiqi notları,  haqqında ədəbiyyatlar və dövri mətbuat səhifələrində dərc olunmuş məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq stəyənlər https://anl.az/el/vsb/Teymur_Elchin/index.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgidə həmçinin şairin əsərləri, tərcümələri, sözlərinə bəstələnmiş musiqi notları, həyatı, ictimai və ədəbi yaradıcılığı haqqında Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş edilir.

Sərgi 1 həftə davam edəcək.


"Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi: Teymur Elçin -100""Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi: Teymur Elçin -100"
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi