"Azərbaycan Xocalıya ədaləti özü gətirdi"

"Azərbaycan Xocalıya ədaləti özü gətirdi" -Aqiyə Naxçıvanlı

"2024-cü il 26 fevral tarixində ilk dəfə olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsi artıq işğaldan azad olunmuş Xocalı şəhərində anıldı.

Həmin gün Ölkə Prezidenti cənab İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu. Rayon ictimaiyyəti ilə keçirdiyi görüşündə möhtərəm dövlət başçımız xüsusilə vurğuladı ki, əslində bu kompleksin layihəsi çoxdan hazır idi. Hətta onun inşası üçün Bakıda, Xocalı soyqırımı abidəsinin yanında yer də seçilmişdi. Lakin məhz cənab Prezident İlham Əliyevin uzaqgörənliyi bu layihənin icrasını hər dəfə təxirə salırdı. Çünki dövlətimizin başçısı bilirdi ki, zaman gələcək və biz bu torpaqlara mütləq qayıdacağıq. Cənab Prezident 2003-2020-ci illər ərzində ölkənin bütün potensialını məhz bu məqsədə çatmaq üçün səfərbər etmiş, özünün bütün fəaliyyətini bu istiqamətə yönəltmişdi. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində aparılan Vətən müharibəsi 17 il ərzində həyata keçirilən hazırlıq işlərinin möhtəşəm nəticəsi oldu."


Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı,professor Aqiyə Naxçıvanlı deyib.

Deputat bildirib ki, əksər böyük dövlətlərin, beynəlxalq təşkilatların Xocalı faciəsinə biganə qalmaları dünya miqyasında misilsiz riyakarlıq nümunəsidir: "Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın dünyaya ünvanladığı “Xocalıya ədalət!” çağırışı təəssüflər olsun ki, cavabsız qaldı. Bu gün dövlətimizin gərgin səylərinin nəticəsi olaraq 18 ölkə bu qanlı faciəni soyqırımı kimi tanısa da, bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Həmçinin əksər beynəlxalq təşkilatlar da bu faciəyə biganə qalmışlar. Halbuki, Azərbaycan dövləti də, ictimai təşkilatlar da, xaricdə yaşayan soydaşlarımız da Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişlər. Əlbəttə ki, bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd olunmalıdır. Məhz Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində bir çox tədbirlər, təqdimatlar həyata keçirilmiş, kitablar, məqalələr dərc edilmiş, sərgilər təşkil olunmuşdur. Lakin o illərdə də, bu gün də ermənilərin xarici ölkələrdə olan riyakar himayədarları bu qanlı faciəni törətmiş cinayətkarların cəzasız qalmaları üçün əllərindən gələni edirlər. Buna görə də Azərbaycan sonda ədaləti özü bərpa etməli oldu. İkinci Qarabağ müharibəsi nəticəsində 30 il işğal altında olan torpaqlarımızın böyük hissəsi azad edildi, işğal altında qalan digər ərazilər isə keçən ilin sentyabr ayında düşməndən tamamilə təmizləndi.”


Həmçinin A.Naxçıvanlı 2023-cü ilin oktyabr ayında Xocalıda, Xankəndidə və digər ərazilərimizdə Prezident İlham Əliyev tərəfindən Azərbaycan bayrağının ucaldılmasının erməni separatizminin nəfəsini kəsən son addım olduğunu vurğulayaraq bunları deyib: “Möhtərəm dövlət başçımız öz çıxışında birmənalı olaraq bildirdi ki, Xocalısız, Xankəndisiz Azərbaycanın qələbəsi heç zaman tam sayıla bilməzdi. Çünki Xocalı faciəsi Azərbaycan xalqının qəlbində o qədər böyük yaralar salıb ki, bu şəhər azad olunmadan biz sakitləşə bilməzdik. Nəhayət 2023-cü il oktyabrın 15-də Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Xocalıda Azərbaycan Bayrağını qaldırdı. Bu, erməni faşizminin və separatizminin Azərbaycan torpaqlarında bundan sonra bir daha baş qaldıra bilməyəcəyinə dair bütün dünyaya göndərilən bir mesaj oldu. Bu gün isə, artıq Xocalıda da işğaldan azad edilmiş bütün digər ərazilərimizdə olduğu kimi, möhtəşəm abadlıq-quruculuq işləri böyük vüsətlə həyata keçirilir. Azərbaycan xalqı öz torpaqlarına əbədi qayıdıb və bu reallığı artıq heç bir qüvvə dəyişə bilməz" – deyə, Aqiyə Naxçıvanlı vurğulayıb.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər