Azərbaycan-Xorvatiya münasibətləri Milli Məclisdə müzakirə olunub- "K.Nurullayeva yaxın günlərdə Xorvatiyada keçiriləcək parlament seçkilərinin..."
Milli Məclisdə Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva ilə Xorvatiya Respublikasının ölkəmizə təyin olunmuş ilk fövqəladə və səlahiyyətli səfiri Branko Zebiç arasında ilk rəsmi görüş keçirilib.
Faktinfo.az xəbər verir ki,görüşdə çıxış edən Könül Nurullayeva parlamentdə icrasına başladığı bu vacib vəzifənin öhdəsindən layiqincə gələcəyinə, bu fəaliyyətin rəsmi Bakı ilə Zaqreb arasında qurulmuş əlaqələrin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Bu il Xorvatiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini xatırladan K.Nurullayeva münasibətlərin strateji xarakter daşıdığını, ölkələrimizin enerji, infrastruktur, İnformasiya Texnologiyaları, turizm və digər sahələrdə əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan Xorvatiya ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. Bu günə qədər iki ölkə arasında 25-ə yaxın əməkdaşlıq sənədi, 2013-cü ildə isə Strateji Tərəfdaşlıq Sazişi imzalanıb.
“Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlıqda parlament əlaqələri mühüm rol oynayır” deyən K.Nurullayeva vurğulayıb ki, 2000-ci ilin dekabr ayından Milli Məclisdə Azərbaycan-Xorvatiya parlamentlərarası işçi qrupu fəaliyyət göstərir. Əməkdaşlığımızı genişləndirməyə dəstək olan millət vəkilləri, parlament rəhbərləri səviyyəsində bu vaxta qədər çoxlu sayda qarşılıqlı səfərlər baş tutub və münasibətlərin dinamik inkişafı bundan sonra da davam etdiriləcək.
Həmçinin diqqətə çatdırılıb ki, bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir zamanda da Azərbaycan dost Xorvatiya xalqı ilə həmrəy olduğunu bəyan edib.
"Azərbaycanın xarici siyasəti ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq sərhədləri daxilində suverenliyinin və ərazi bütövlüyünün bərpasına xidmət edən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanır" deyən K.Nurullayeva qeyd edib ki, bir çox Avropa ölkələrinin beynəlxalq təşkilatlar səviyyəsində dəstəyinə nail olmaq ümumi məqsədə çatmaqda mühüm rol oynayır.
K.Nurullayeva yaxın günlərdə Xorvatiyada keçiriləcək parlament seçkilərinin ölkələrimiz arasındakı münasibətlərə yalnız müsbət təsir göstərəcəyinə, gələcəkdə yaradılacaq yeni dostluq qrupu ilə də faydalı əməkdaşlığın davam etdiriləcəyinə əminlik ifadə edib.
Görüşdə həmçinin mədəni, humanitar, idman, gənclər siyasəti sahəsində də işbirliyinin hər iki ölkənin maraqlarına cavab verdiyi qeyd olunub.
Cənab Branko Zebiç isə öz növbəsində Xorvatiyanın Azərbaycanda ilk daimi səfiri kimi xüsusilə xalqlar arasında əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, 2 ölkə arasında əməkdaşlıq üçün istər siyasi, istər iqtisadi baxımdan yaxşı perspektivlər mövcuddur. Avropa İttifaqı Şurasının sədri qismində ölkəsinin Azərbaycan-İttifaq əməkdaşlığına dəstəyini davam etdirdiyini vurğulayan səfir Zebiç eyni zamanda bütün sahələrdə uğurla davam edən strateji tərəfdaşlıq münasibətlərinin birgə səylər nəticəsində bundan sonra daha da möhkəmlənəcəyinə ümidvar olduğunu vurğulayıb.
Bu xəbər üçün şərh yazın