Azərbaycanın 8 partiyası Əvəz Zeynallı ilə bağlı Prezident İlham Əliyevə müraciət etdi
Xəbər verildiyi kimi, Azərbaycanın 8 partiyası - Klassik Xalq Cəbhəsi Partiyası, Demokrat Partiyası, Demokratiya və Rifah Partiyası, Ümid Partiyası, Yüksəliş Partiyası, Milliyyətçi Demokratik Partiyası, Milli Dövlətçilik Partiyası və Xalq Partiyası dünən jurnalist Əvəz Zeynallı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.
Müraciətdə qeyd olunur ki, Əvəz Zeynallının həbsi cəmiyyətdə birmənalı qarşılanmayıb və müraciəti imzalayan partiyaların da rəyi ondan ibarətdir ki, Ə.Zeynallının həbs olunmasına səbəb irəli sürülən və əsaslığı açıq-aşkar şübhə doğuran rəsmi ittiham deyil, onun məmur özbaşınalığına, korrupsioner, rüşvətxor məmurlara qarşı, haqqı və hüququ pozulan vətəndaşların problemlərinin ictimailəşdirilməsi sahəsində ardıcıl tənqidi çıxışları, söz və ifadə azadlığı məsələsində barışmazlığı və prinsipial mübarizəsidir.
Əvəz Zeynallının həbsi müstəqil medianı susdurmaq, peşə fəaliyyətinə görə təqib, söz və ifadə azadlığının boğulması aktı kimi dəyərləndirilir və ölkədə sağlam ictimai-siyasi mühitin formalaşmasına zərər vurduğu, beynəlxalq aləmdə dövlətin imicinə xələl gətirə biləcəyi bildirilir, eyni zamanda, onun səhhətində problemlər olduğu nəzərə alınmaqla, Prezidentdən jurnalist haqqında həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması xahiş edilir.Jurnalistlə bağlı prezidentə müraciət edən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Yeni Müsavat”a ümidli olduğunu deyib: “Ümid edirik ki, baxılacaq, Əvəz Zeynallının ən azı istintaq dövründə ev dustaqlığına buraxılması məsələsinə humanizm göstərilərəcək, qanun nəzərə alınacaq. Çünki onun həbsdə saxlanması üçün, hüquqşünasların da dediyinə görə, heç bir zərurət yoxdur, yəni müsbət həll oluna bilər”.
Partiya sədri müraciətində deyib ki, 200 mindən çox abunəçisi olan, verilişlərinə hər ay bir neçə milyon şəxsin baxdığı, ictimai rəyin formalaşmasında mühüm rol oynayan, məmur özbaşınalığına və korrupsionerlərə qarşı kəskin mübarizəsi, vətəndaşların pozulmuş hüquqlarını ictimailəşdirməsi ilə tanınan “Xural” internet televiziyasının yaradıcısı Əvəz Zeynallı şübhəli cinayət işində təqsirləndirilən şəxs kimi həbs edilib: “Əvəz Zeynallının həbsini cəmiyyətin ən müxtəlif təbəqələri müstəqil media üzərinə məmur özbaşınalığının, korrupsioner və rüşvətxorların revanşı, əks-hücumu, qisası kimi qarşılayır, medianı susdurmaq əməliyyatı, peşə fəaliyyətinə görə təqib, söz və ifadə azadlığının boğulması aktı kimi dəyərləndirir. İctimai rəy Əvəz Zeynallının həbsini həm də onun ölkənin milli təhlükəsizliyi üçün təhdid olan xarici qüvvələrin, daxildəki ”5-ci kolon"un səylərinin nəticəsi kimi qarşılayır. Bu müddətdə irəli sürülən ittihamların əsaslılığına və xüsusən hüquqi araşdırmanın aparılması dövründə Əvəz Zeynallının həbsdə saxlanması zərurətinə inandıran mötəbər sübut və dəlillər ortaya qoyulmayıb.
Əvəz Zeynallının həbsinin ölkədə siyasi mühitə zərər vurduğunu, dövlətin imicinə xələl gətirə biləcəyini, eyni zamanda səhhətində problemlər olduğunu nəzərə almağınızı, onun haqqında həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına kömək göstərmənizi xahiş edirəm".
Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı da mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Partiyalardan əvvəl 71 jurnalist tərəfindən də Prezidentə müraciət imzalandı. Onlar da Əvəz bəyin azadlığını xahiş etdilər. 8 siyasi partiya da imza atıb, o biri partiyaların da öz səbəbləri var. Yəqin ki, onlar ayrıca hansısa müraciət edəcəklər, belə dedilər. Hazırda vətəndaş cəmiyyətinin nümayəndələri çox maraqlanırlar, vəziyyətini soruşurlar. Yəqin ki, onların da bir müraciəti olacaq,”-deyə Məlahət Zeynallı bildirib.
Bu xəbər üçün şərh yazın