
"Azərbaycanın rolu beyin mərkəzləri tərəfindən də təhlil edilir" -DEPUTAT
ADA Universitetinin təşkil etdiyi beynəlxalq forum hər zaman aktual siyasi məsələlərin, geosiyasi proseslərin müzakirəsi ilə diqqət çəkir.
Bu səbəbdən foruma maraq ilbəil artır. Təsadüfi deyil ki, budəfəki foruma rekord sayda iştirakçı qatılmışdı və onların yarıdan çoxu ilk dəfədir ki, bu foruma qatılırdı. Ənənəyə uyğun olaraq, Azərbaycan Prezidenti bu dəfə də dünyada və regionda baş verən siyasi proseslərə münasibət bildirdi. Azərbaycanın Mərkəz Asiya və Yaxın Şərqdə cərəyan edən proseslərə iştirakçı qismində cəlb edilməsi beyin mərkəzləri tərəfindən də təhlil edilir. Bu mövzuda suala cavab olaraq, dövlət başçımız da bildirdi ki, Azərbaycanın əlverişli coğrafiyası, aparılan düzgün siyasət ölkəmizin Mərkəzi Asiya və Avropa regionu arasında körpü kimi önəmini artırır. İndiki mürəkkəb şəraitdə Azərbaycan kimi sülhpərvər aktorlara ehtiyac var.
Ermənistanla normallaşma prosesi və bu kontekstdə Cənubi Qafqazda geosiyasi vəziyyət də ən çox maraq kəsb edən mövzulardandır. Ölkə başçısı bir daha bəyan etdi ki, bu regionda dayanıqlı sülh və təhlükəsizlik vacibdir. Amma Ermənistan təəssüf ki, silahlanma və revanşa üstünlük verir. Forum iştirakçılarına da məlumat verildi ki, Ermənistan Azərbaycana qarşı yeni hərbi əməliyyatlar planlaşdırır. Elə Ermənistanın ATƏT-in Minsk qrupunun buraxılmasına dair Azərbaycanın legitim təklifini qəbul etməməsi də bununla bağlıdır.Bu gün Cənubi Qafqazda ayırıcı xətlər çəkmək istəyənlər bu mıkrli planlarını Ermənistan üzərindən həyata keçirməyə çalışırlar. Gürcüstanla mövcud olan normal qonşuluq münasibətləri isə regionun strateji əhəmiyyətə malik bölgəyə çevrilməsinə zəmin yaradıb.
Gürcüstanın Baş nazirinin seçkilərdən sonra ilk səfərini Azərbaycana etməsi, eyni zamanda bu yaxınlarda yeni prezidentin ölkəmizə gözlənilən səfəri Bakı ilə Tbilisi arasında nümunəvi münasibətlərin göstəricisidir. Amma Avropadakı qərəzli dairələr uğurlu Azərbaycan-Gürcüstan əməkdaşlığının nəticəsi olan Orta dəhliz məsələsində Ermənistanın rolunu qabartmağa çalışır, Gürcüstanı isə görməzdən gəlir. “Halbuki bu dəhliz mövcuddur və Ermənistan orada heç bir rol oynamır” deyən dövlət başıçımız Aİ-ni Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərindən uzaq durmağa çağırdı. Çünki Aİ-nin bu prosesdəki fəaliyyəti destruktiv xarakter daşıyır. Bu mənada Avropa bürokratlarının yanaşması qəbuledilməzdir.Azərbaycan-ABŞ münasibətlərinə gəlincə, cənab Prezident Bayden-Blinken Administrasiyasının qərəzli mövqeyini bir daha xatırlatdı.
D.Tramp hakimiyyətə gələndən sonra ABŞ siyasətində anti-Azərbaycan trendinin dayandırılması müsbət haldır və tərəfdaşlığın gücləndirilməsi üçün yaxşı imkanlar yaranıb. Yəni, cənab Prezidentin də bəyan etdiyi kimi, Azərbaycan Tramp administrasiyası ilə çox güclü, proqnozlaşdırılabilən, uzunmüddətli strateji əlaqələrə başlayacağı vaxtı gözləyir.Ölkə başçısı həmçinin Qərb dairələrinin vətəndaş cəmiyyətləri üzərindən ölkəmizə qarşı apardığı qarayaxma kampaniyasının da iflasa uğradığını xatırlatdı. Yerli QHT-lərə, əslində, müxalifətin qollarına verilən bütün qrant adlanan vəsaitlərin indi qeydiyyatdan keçməsi bu çirkin siyasətin də qarşısını almağa imkan verdi. Tamamilə korrupsiyaya uğramış bir qurum olan USAİD-in, “Azadlıq Radiosu”, “Azad Avropa” və “Amerikanın Səsi”nin fəaliyyətini dayandırılmasından sonra bütün bu qərəzli infrastruktur tamamilə fəaliyyətsiz vəziyyətə gətirilməlidir.
Könül Nurullayeva
Milli Məclisin deputatı
Bu xəbər üçün şərh yazın