“AzerGold” QSC-nin 2023-cü ildə satış gəlirləri artıb
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 2023-cü ildə qızıl və gümüşün yerli və beynəlxalq bazarlarda satışı uğurla davam etdirilib.
- Belə ki, qiymətlilərin satış həcmləri 2023-cü ildə 68.1 min unsiya qızıl və 119.8 min unsiya gümüş olub. Bu, 2022-ci illə müqayisədə qızıl satışı həcmində 7% artım deməkdir.
Qeyd edilən satış həcmindən qızıl üzrə 62.1 min unsiya, gümüş üzrə isə 90.8 min unsiyası beynəlxalq bazarlarda realizə edilib. Daxili bazarın tələbatına uyğun olaraq xammal və hazır məhsul formasında 6 min unsiya qızıl, 29.1 min unsiya gümüşün satışı həyata keçirilib. Beləliklə, 2017-2023-cü illər üzrə ümumi satış göstəriciləri 416 min unsiya qızıl, 853 min unsiya gümüş təşkil edib.
Hesabat ilində beynəlxalq və yerli bazarlarda qızıl və gümüş satışı nəticəsində 232.8 milyon manat məbləğində gəlir əldə edilib. 2022-ci illə müqayisədə satış gəlirlərində 15% artım qeydə alınıb. Bu vəsaitin 210.1 milyon manatını ixrac, 22.7 milyon manatını daxili satış gəlirləri təşkil edir. İxrac gəlirləri 2022-ci illə müqayisədə 11%, yerli bazarda satış gəlirləri isə 81% artıb. 2023-cü ildə qiymətli məhsulların ümumi satışlarından əldə edilmiş gəlirlərin 97.9%-i məhz qızılın satışı nəticəsində əldə edilib.
Bununla, 2017–2023-cü illər üzrə qızıl və gümüşün satışı nəticəsində əldə edilmiş ümumi gəlir 1.19 milyard manat olub.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın