"AZƏRSU"NUN ABSURD QİYMƏT MÜQAYİSƏSİ - Görəcəyimiz günlər, eşidəcəyimiz "nağıllar" varmış

"AZƏRSU"NUN ABSURD QİYMƏT MÜQAYİSƏSİ - Görəcəyimiz günlər, eşidəcəyimiz "nağıllar" varmış 

İçməli suyun qiymətini 2 il fərqi ilə bir daha qaldırmaq istəyən "Azərsu" rəsmilərinə cəmiyyətdən böyük təpki sərgiləndi. "Torba"dan dovşan çıxartmaq istəyənlərin niyyətləri bəlli oldu.

Faktinfo.az saytı xəbər verir ki, "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədovun əhaliyə içməli suyun maya dəyərindən aşağı satır, tariflər normal olsa, "Azərsu" ASC daha rentabelli fəaliyyət göstərə bilər, fikirlərindən sonra başladı. O, "Tariflərin gələcəkdə artırılması üçün biz də təşəbbüslə çıxış etmək istəyirik. İnkişaf etmiş ölkələrdə və postsovet ölkələrinin heç birində bu tariflə su satılmır. Suyun qiymətinin artması bizim istəyimizdən asılı deyil. Lakin dövlət nə qərar qəbul edəcəksə, ona uyğun addım atılacaq. Əldə olunan vəsait şəbəkələrin yenilənməsinə sərf olunur" - deməsi ilə müzakirələrə yol açdı.


Bundan sonra kimlər nə danışmadı ki, son 25 ildə "Azərsu ASC"-də milyonların necə mənimsənilməsindən tutmuş hər şey dilə gətirildi. Zaman-zaman bu quruma "Dünya Bankı"nın xətti ilə ayrılmış milyonların,içməli su və kanalizasiya xidmətinə görə qaldırılan tarif qiymətlərindən əldə edilən vəsaitlərin silinib mənimsənilməsinə qədər hər şey ortalığa töküldü.


Hətta, ötən ay Azərbaycan Hesablama Palatası "Azərsu"nun "Bakı şəhərinin Pirşağı qəsəbəsində Çirkab Sularının Təmizlənməsi Qurğusu" Layihəsi üzrə vəsaitlərdən istifadəyə dair səmərəlilik auditini açıqlayarkən, ümumi dəyəri 72,02 mln. ABŞ dolları, bu məbləği kreditin məbləği 43,5 mln. ABŞ dolları (60,4%), Azərbaycan tərəfinin payı 28,52 mln. ABŞ dolları (39,6%) layihə barədə məlumat yaydı. Hesablama Palatasının aparılmış auditlə çirkab suların təmizlənməsi probleminin həlli məqsədilə layihədən öncəki vəziyyət və sonrakı şəraitdə dəyişməli olan mühitin qiymətləndirilməsindən danışılarkən, 72 milyon dollarlıq layihənin səmərəsiz icra edilməsini deməsi,-"AZƏRSU" rəsmilərinin üzlərinə "vuruldu."


Eləcə də, 2011-2016-cı illər ərzində “Azərsu” ASC-yə büdcədən milyonlarla pul ayrılıb. Ancaq, Bakı sakinləri intensiv yağışlar zamanı suyun altnda qalıb, küçələrdə qayıqla gəzənləri də görmüşük. İndi "Azərsu” ASC-nin rəsmiləri elə danışırlar ki, guya indiyə qədər ayrılan milyardlarla dövlət vəsaiti, içməli su və kanalizasiya xidmətinə görə tarif şurasının artımından əldə olunan milyonlar şəbəkələrin yenilənməsinə xidmət edirmiş. Nənələrmiz demişkən, vay!...vay, görəcəyimiz günlər, eşidəcəyimiz "nağıllar" varmış.

Gələk, ötən həftə İqtisadçı-ekspert Natiq Cəfərlinin fikirlərinə: "Azərsu" ASC-nin rəhbərliyi ərəb şeyxləri kimi yaşayır?!" Dedimi? Dedi! 

Ekspert: "Tariflərin gələcəkdə artırılması üçün biz də təşəbbüslə çıxış etmək istəyirik. İnkişaf etmiş ölkələrin heç birində bu tariflə su satılmır. Qiymət artımının əsas səbəbi korrupsiyadır. Bunlar rəsmən camaatı dolayıblar, Etibar müəllim, suyun maya dəyərini necə hesablayırsınız? Cəmi 2 il əvvəl suyun qiymətini birdən-birə 2 dəfə artırdınız, yenə gözünüz doymadı?! 


Rentabelli işləmək üçün qiymət artırmaq ən sonuncu yoldur. İqtisadiyyat elmi deyir ki, maya dəyərini aşağı salmaq üçün ilk növbədə xərcləri azaltmaq lazımdır. Yəni, məhz məmurların oğurladığı pullar, xərcləri şişirtməsi maya dəyərini artıran əsas amildir. Yaxşı, gəlin belə bir eksperiment edək, jurnalistlərdən ibarət bir qrup "Azərsu" ASC-nin bütün rəhbərlərinin evlərini, bağlarını, sürdüyü maşınları çəksin, sonra da siz hamınız çıxın izah edin ki, rentabelsiz işləyən "Azərsu" ASC-nin rəhbərliyi nədən ərəb şeyxləri kimi yaşayır?! Yaxşı, ziyanla işləyirsinizsə, nədən bu qədər varlısınız?!" 

O, daha sonra qeyd edib: "Bərbad iqtisadi idarəetmə modelinin bədəlini əhali qiymət artımları ilə ödəyir. İnsanlar sual vermir, sorğulamır, etiraz etmir, ona görə də qiymət artımı tüğyan edir. Nə zaman ki, camaat vətəndaşa - seçiciyə çevriləcək, o zaman da məmurlar normal işləməyə başlayacaqlar – başqa yol, sadəcə, yoxdur..."


İqtisadçı-ekspert Natiq Cəfərlinin "Azərsu" ASC-nin rəhbərlərinin evlərindən, bağlarından misal gətirməsi bu qurumda işləyən bəzi şəxslərin VİLLALARI ilə bağlı məsələni də gündəmə daşıdı.


Faktinfo.az saytı xəbər verir ki, içməli su tariflərinin qaldırılmasını istəyənlər bina evlərində yaşamırlar, əhalidən dəyəri milyonlarla olan villaları, maşınları, istirahətə xərclədikləri pulları ilə fərqlənirlər. Bunlardan danışıb, müqayisə apararkən gəlin görək, "Azərsu" ASC-yə büdcədən ayrılan dövlət vəsaitləri, su puluna görə əhalidən və obyektlərdən yığılan yüz milyonlar başqa haralara xərclənə bilərdi? 


Sabiq "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovun Montində dəyəri 2 milyon olan villasına, Pirallahı rayonunda (ora həm də “dostları” ilə görüş yeri sayılırdı), Novxanıda, Yeni Sarayda, Şabran rayonu Kilvak kəndində dəyəri miyonlarla ölçülən möhtəşəm malikanələrinə və bizim bilmədiyimiz digər mülklərinə, obyektlərinə xərclənə bilməzdimi?!

Həmçinin, sədr müavinlərindən Teyyub Cabbarovun “Qara Qarayev” metro stansiyasının yaxınlığındakı adı dəfələrlə mətbu orqanlarda hallanan 650 minlik villası, Şabranda tikdirdiyi 3 mərtəbəli malikanəsi, Mahir Məmmədovun İnşaat Mühəndisləri Universitetinin yanında dəyəri mətbuatda qeyd olunduğu kimi, 1,2 milyon olan villası, Seymur Seyidovun aeroport yolunda “Buta Palace”ın yanında 3 mətrəbəli villası, Etibar Məmmədovun Quba, Qusar, Sulutəpə, Novxanı və s. yerlərdə dəyəri milyonlarla ölçülən villaları, İlqar Tağıyevin Lerikdə tikdirdiyi 4 mərtəbəli villası  Bakının suyun altında qalması hesabına, əhaliyə satılan içməli suyun tarifinin qaldırılması hesabına ərsəyə gələ bilməzdimi? Hər halda "gələ bilərdi" cavabı yetərsay olar!

Bakı şəhəri suyun altında qaldı, əhali isə günahı hökumətdə gördü, bunlara isə bir söz deyilmədi. İndi nədən suyun qiymətini qaldırmaq haqqında düşünməsinlər ki? Rüşvət qarşılığında uçotdan kənar obyektlərə, bağ və həyət evlərinə verilən suyun həcmini əhalinin ayağına yazmasınlar, neyləsinlər?!

FAKTİNFO.AZ






Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər