“Aztelekom” bölgələrdə yenidən 25 manatlıq tarifə qayıdır – Dövlət qurumları bu soyğunçu qərarı dayandıracaqmı?

“Aztelekom” bölgələrdə yenidən 25 manatlıq tarifə qayıdır – Dövlət qurumları bu soyğunçu qərarı dayandıracaqmı? 

Ötən ilin 15 avqust tarixində “Aztelekom” əhalinin genişzolaqlı internetə tələbatının artdığını əsas gətirərək internet tarfilərinin minimum qiymətini 25 manata qaldırıb.

Qurumdan bildirilmişdi ki, yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 manatdan 0.25 manatadək endiriləcək. Beləliklə, aylıq minimum 15, 18 manat olan tarif paketləri kəskin bahalaşaraq internet istifadəçilərinin aylıq xərclərinin yüksəlməsinə gətirib çıxardı.

Qərar abunəçilərdə, mediada və ekspert dairəsində ciddi narazılıq doğurdu. Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə müraciət ünvanlaraq tarif dəyişikliyi ilə bağlı qərara yenidən baxılması məsələsi qaldırıldı.

Ekspertlər bildirdilər ki, əhalinin xeyli hissəsi üçün hələlik yüksək sürətlərə ehtiyacı yoxdur. Regionlarda, kəndlərdə yaşayan bəlli bir təbəqə əhali üçün 10 Mbit/s internet sürəti indiki anda yetərlidir. Yəni elementar kommunikasiya və xidmətləri əldə etmək üçün, təhsil və s xidmətlər üçün bu sürət artıqlamasıyla bəs edir.

Xatırladaq ki, 2023-cü ildə “Aztelekom” 10-12 manatlıq tarifləri 50 faizlik bahalaşdıraraq 18 manat (40 Mbit/s) çatdırmışdı. Ötən ilin avqustunda isə yenidən 40 faizlik artıma gedərək daha çox qazanc əldə etməyi hədəfləmişdi.

Amma hesablamalar özünü doğrultmadı, xüsusən rayonlarda, paytaxt ətrafındakı qəsəbə və kəndələrdə abunəçilərin bir çoxu bahalı internetdən imtina etməyə başladı. Tendensiyanı görən “Aztelekom” rəhbərliyi rayonlarda qiymətləri yenidən 18 manata endirməyə məcbur oldu. Amma bu “geriçəkilmə qərarı” media və sosial şəbəkələrə verilmədi, abunəçilərə sövdələşmə təklif olundu.

Ancaq məlum olur ki, “Aztelekom”-un geri çəkilməsi müvəqqəti xarakter daşıyıb. Abunəçilərə mesaj göndərilib ki, martın 3-dən etibarən aylıq abunə haqqı yenidən 25 manata qaldırılacaq.

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Aztelekom”-un məlum qərarı ilə bağlı araşdırma aparılacağını bildirsə də, bu günədək hər hansı açıqlama verilməyib. Abunəçilər isə narahatdır, inhisarçı dövlət qurumların əhalinin rifahına qarşı olan soyğunçuu qərarının ləğv edilməsini gözləyirlər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər