Baha internet distant təhsili də ÇƏTİNƏ SALDI -

Baha internet distant təhsili də ÇƏTİNƏ SALDI - Tələbələr üçün şərtlər çətinləşib

Birneçə gün sonra internetin bahalaşmasının üç ayı tamam olacaq.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi araşdırmaya başlamışdı. “Aztelekom”a qarşı əsassız tarif ittihamı ilə iş qaldırılmışdı. Amma bundan xəbər yoxdur. Bölgələrdə, ucqar kəndlərdə yaşayan sakinləri ən azı 25 manat ödəməyə məcbur edirlər. Buna görə də bahalığa görə internetdən imtina halları artıb.

Bizimyol.info xəbər verir ki, şərikli istifadə metodu geniş yayılmağa başlayıb. Bölgələrdə qonşular məbləği yarı bölməklə internetdən birgə istifadə üsuluna əl atmalı olur. Çünki əhali üçün tarif heç əlverişli deyil.

Paytaxtda da narazılıq edənlər çoxdur. Kabel televiziyası haqqı ilə birlikdə ayda 32-35 manat ödəmək lazım gəlir. Real gəlirlərin azalması fonunda məbləğ insanlar üçün ciddi yükə çevrilir. Üstəlik, vəd olunan internet sürəti verilmir. Bununla bağlı şikayətlərin sayı-hesabı yoxdur. İstifadəçilər haqlarının pozulduğunu düşünür.

COP 29 günlərində başqa problem də qabarıq görünür. Distant təhsilin necə baş tutacağı bilinmir. Xüsusilə, paytaxtda yerləşən universitetlərdə təhsil onlayn formatda keçiriləcək. Amma bununla bağlı konkret format yoxdur. İnternet imkanları da tarif dəyişikliyindən sonra daha çox məhdudlaşıb. Tələbələr üçün şərtlər çətinləşib. Hər hansı güzəştdən danışılmır.

Təhsil haqqında qanunda distant təhsillə bağlı qaydalar yer alıb. Amma 15 ildir konkret formata keçid müşahidə edilmir. Lazım gələndə müəyyən müddət dərslərin distant şəkildə keçiriləcəyi bildirilir, sonra məsələ yenə arxa plana keçir. Distant formatda nə tələbə qəbulu həyata keçirilməsinə imkan verilir, nə də diplomların tanınmasına.

Yəqin pandemiya günlərini xatırlayırsınız. Guya distant təhsil formatına keçilmişdi, amma kəndlərdə uşaqlar internetin nə olduğunu bilmirdi. Bizim ölkədə bütün vacib işlər kağız üzərində həyata keçirilir. Olmaz ki, internet tarifi bahalaşdırılanda ciddi araşdırılma aparılsın, əhalinin gəlirləri nəzərə alınsın? Beş-on kənddəki vəziyyəti analiz etmək yetərdi ki, bahalaşma addımı atılmasın. Distant təhsil də belə. Kəndlərdə əksəriyyətin interneti yoxdur. Yeni xətlər çəkilib, lakin hamının məbləği ödəməyə gücü çatmır. Hələ internetsiz qalan kəndlərdən danışmırıq. Universitet tələbələri COP 29 günlərində evlərinə dağılışacaq. Dərslərə necə qoşulacaqlar? Suala cavab verən yoxdur. Plansız iş görməyin axırı belə olur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər