Bakı diqqət mərkəzində olacaq -AVRO-2020-nin bir neçə oyunu Olimpiya Stadionunda keçiriləcək
“Bakı – Roma – Bakı marşrutu ilə uzaq məsafə qət edəcəyik. Amma buna görə çox narahat olmağımız lazım deyil. Bu, heç bir halda bəhanə olmamalıdır”.
Bunu AVRO-2020-də İtaliya, İsveçrə və Uels milliləri ilə birgə A qrupunda yer alan İsveçrə yığmasının baş məşqçisi Vladimir Petkoviç “Blick” nəşrinə açıqlamasında deyib.
56 yaşlı mütəxəssis bildirib ki, 4 komanda arasında favorit İtaliyadır: “Bu, güclü rəqiblərin yer aldığı maraqlı qrupdur. Amma biz güclüyük və irəliləmək imkanımız var. Əlbəttə, hədəfimiz budur. İtaliya qrupun favoritdir. Yəqin ki, digər 3 komanda ikinci yer uğrunda mübarizə aparacaq”.
Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə – Uels, iyunun 21-də isə İsveçrə – Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək. Petkoviçin baş məşqçisi olduğu komanda iyunun 17-də Romada İtaliya ilə qarşılaşacaq.
Bu xəbər üçün şərh yazın