Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir?
Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir.
Qaynarinfo.az xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib.
Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdum ki, bəs Ruslan həkim hanı, siz kimsiniz? O isə adının Hüseyn olduğunu və burada çalışdığını bildirdi. Həmçinin məlum oldu ki, adamın tibbi təhsili yoxdur. Özü də bunu gizlətmir", deyə Camal Şabanov vurğulayıb.
O əlavə edib ki, baş verənlər barədə Bakı Sağlamlıq Mərkəzinin rəhbərliyinə müraciət edib.
Əvvəlcə bildiriblər ki, onlarda Hüseyn adlı şəxs çalışmır. Lakin sonradan belə şəxsin Mərkəzdə çalışdığını etiraf ediblər. "Dedilər ki, belə bir şəxs işləyir, amma o, həkim deyil. İşi xəstələri əməliyyata hazırlamaq, əməliyyat olunacaq yeri təmizləməkdir. Mən isə onlara dedim ki, həmin Hüseyn anju əməliyyatı edir. Bundan sonra ara qarışdı", deəy Camal Şabanov qeyd edib.
Qaynarinfo məsələ ilə əlaqədar Bakı Sağlamlıq Mərkəzi ilə əlaqə saxlayıb. Mərkəzin Maya adlı əməkdaşı müvafiq şöbəyə məlumat veriləcəyi və suallarımızın cavablandıracağını bildirib. Lakin suallara cavab almaq mümkün olmayıb.
Bu xəbər üçün şərh yazın