BAKINI ÖZ SAKİNLƏRİNƏ İCARƏYƏ VERƏNLƏRİN İNSAFI YOXDURMU?
...Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakının küçə və həyətlərini şlaqbaumlaşdırıb indi də keçib yetim-yüsürün gəzib dərdini suya-dənizə danışmaq istədiyi bulvar ərazilərinə...
Belə ki, artıq neçə gündür Su İdman Sarayına gedən yola da şlaqbaumlar qoyulur... Təbii ki, məqsəd parkinq yaradıb pul qazanmaqdir. Sosial media istifadəçilərindən biri Niyaz Niftiyev elə belə də yazıb: "...Vallahi adam dəhşətə gəlir. Gözləri, gödənəkləri doymur ki, doymur. O boyda bulvar ərazisini az qala bazara-restorana-çayxanaya-kofexanaya-molxanaya çevirib milyonlar qazanırlar. Amma yenə gözləri doymur. Avtomobil Yolları deyir qanunsuzdur, Su İdman Sarayının əməkdaşı deyir qanunsuzdur, Bulvar idarəsi dirənib ki, yox e... Burda pul qoxusu gəlir". Amma Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəhbərliyi isə susur. Niyə? Belə məsələdə susmaq kimə və nəyə xidmət edir, bilmək olarmı???
***
Xatırladaq ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 11-də imzaladığı “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına əsasən yaradılıb və bu qurum onun tabeliyindəki “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, “15 saylı Mingəçevir Regional Nəqliyyat”, nazirliyə məxsus “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və “Nəqliyyat Təlim-Tədris Mərkəzi” MMC-lərin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında yaradılıb. AYNA-nın rəhbəri isə Anar Yaşar oğlu Rzayev təyin edilib.
ARAYIŞ: Anar Rzayev- 1973-cü ildə Bakı şəhərində anadan olub. Bakı şəhəri Nizami rayonu 251 saylı orta məktəbini bitirərək Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsinə daxil olub. 1994-1995-ci tədris ilində «ACTP» tələbə mübadiləsi müsabiqəsində Bakıda, sonra isə Moskva şəhərində qalib gələrək ABŞ-ın Nyu-York ştatının Sirakuz Universitetinin Yutika Kollecində təhsi alıb. Xəzər Universitetini bakalavr və Azərbaycan Dövlət İqtisad Universietini magistr səviyyəsi üzrə fərqlənmə diplomları ilə bitirərək «Beynəlxalq İqtisiadi münasibətlər» ixtisasına yiyələnmişdir. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” kafedrasına dissertantı olub və 2013-cü ildə dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi adını alıb. Bir monoqrafiya və iki dərslikdə həmmüəllifdir. Üç dərslik tərcümə edib. 1996-cı ildə Şotlandiyanın «OBC Transport» şirkətinin nümayəndəliyində əməliyyatlar üzrə menecer vəzifəsində çalışıb. 1997-ci ildən 1998-ci ilin avqust ayınadək «DİALOG Freigşt İNTL» ABŞ-Rusiya birgə müəssisəsinin Baş Meneceri vəzifəsində işləyib. 1996-cı ilin avqustundan 2013-cü ilin avqust ayına kimi Niderlandın «Van der Wal Intl. Transport Bakı» Şirkətinin Baş Direktoru vəzifəsində çalışıb. 2008-ci ildə Beynəlxalq avtomobil nəqliyyat ittifaqı (İRU) tərəfindən “Top Road Transport Manager” adı ilə təltif olunub. 2001-2013-cü illərdə Moskviç Texxidmət ASC-nin idarə heyətinin sədri vəzifəzində çalışıb. 2004-cü ildən başlayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qruplarında saathesabı qaydada dərs deməyə başlayıb. 2010-2011-ci tədris ilindən 2013-2014-cü tədris ili daxil olmaqla Beynəlxalq İqtisadi Münasibətlər kafedrasında əvəzçiliklə yarım ştat müəllim vəzifəzsində çalışıb. 2014-cü fevral ayından 2017-ci ilə kimi İqtisad Universitetinin «Beynəlxalq İqtisadiyyat (ingilis dilli)» kafedrasının müdiri vəzifəsini icra edib. 2014-cü il oktyabr ayından İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Mərkəzinin (əvvəl İngilis dilində tədris mərkəzi adlanıb) direktoru vəzifəsinə təyin olunub. UNEC-in “Beynəxalq iqtisadiyyat” (ingilis dilində) kafedrasının dosenti olub. Ziegen Universiteti (Almaniya), Dunaujvaros Universiteti (Macarıstan), Lion CEFAM Universiteti (Fransa), Paris ICD Business School (Fransa), Bologna Universiteti (İtaliya) universitetlərində Erasmus+ qonaq müəllim kimi dərs deyib. Hacettepe Universitesi (Türkiyə), Kipr Beynəlxalq Universitesi (Kipr), Orta Doğu Texnik Universitəsi (OTDÜ) (Türkiyə) universitetlərində qonaq tətqiqatçı olub. 2018-ci ilin mayından dekabrına kimi UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsində çalışıb. 2018-ci il dekabrın 21-dən 2021-ci ilin avqustuna kimi UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru olub. 2021-ci ilin avqustunda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə rəis müavini təyin edilib. 2021-ci ilin dekabr ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə rəis təyin edilib. 2015 və 2017-ci illərdə gənc nəslin təlim-tərbiyə sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərman”larına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
***
...Anar Rzayevin tərcümeyi-halında yazılır ki, o, Azərbaycan, ingilis, rus, fars dillərini bilir... Bu çox yaxşı əlamətdir. Amma hesab edirik ki, ilk növbədə bu xalqın, millətin və doğulduğu Bakı şəhər sakinlərinin dilini bilmək lazımdır... Günü tıxacda, şlaqbaumların yolkəsənliyində... və parkovka hədələrində keçən Bakı sakinlərinin dilini-halını, güzəranını, dərd-sərini bilmək bu qədərmi çətin məsələdir?!
/Təzadlar.az
Bu xəbər üçün şərh yazın