Bakının bəzi yolları yuyuldu
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, may ayının 25-də paytaxtda növbəti genişmiqyaslı daxili ümumşəhər iməcliyi keçirilib.
BŞİH Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb.
İməclik zamanı həm də məhəllədaxili və ara yollar da yuyulub.
Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulmasını həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb.
BŞİH-in çağırışına qoşulan ictimai-iaşə, ticarət və digər obyektlərin əməkdaşları da iməclikdə yaxından iştirak edərək öz obyektlərinin vitrinlərini təmizləyib, ətrafında səliqə-sahman yaradıblar.
Eyni zamanda müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də bu iməclikdə fəal şəkildə iştirak ediblər.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib.
Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilir, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılır, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır.
Paytaxtın sanitar təmizliyinin lazımı səviyyədə saxlanılması və yaşıllıqların qorunması üçün tələb olunan bütün tədbirlər davam etdiriləcəkdir.
Bu xəbər üçün şərh yazın