Bakının mərkəzində YAŞIL TERROR... - məhv edilən ağaclar və “eyş-işrət” məclisi
Bakı şəhərində “yaşıl terror” davam edir. Bu dəfə işbazların hədəfində paytaxtın Atatürk prospektindəki parkın ərazisidir.
“Atatürk” parkının Həsən Əliyev küçəsi tərəfindən kəsişməsində 20-dən artıq ağac, onlarla bəzək və gül kolları məhv edilib.
Prospektin Həsən Əliyev küçəsi ilə kəsişməsindəki yaşıllıq zolağı neçə müddətdir ki, dəmir hasara alınıb.
Nəticədə, həm insanların burdan rahat gəlişinə ciddi əngəl yaradılıb, həm də ki, hasarın içindəki ağaclar qəsdən qurudulub yandırılır. Biz ərazidə olarkən 20-dən artıq iri budaqlı ağacların qırıldığını gördük.
Eyni zamanda, ərazidəki gül və bəzək kolları qəsdən yandırılıb. Bu isə paytaxtda sınanılmış bir metoddur. Əvvəl yaşıllıq ərazi hasarlanır, sonra ərazidəki yaşıllıqlar qurudulur və sonda müvafiq qurumların “razılığı” ilə ərazi qurumuş ağaclardan “təmizlənir”. Yerində möhtəşəm ticarət və yaxud iaşə obyekti tikilir. Yəqin ki, Atatürk Parkındakı yaşıllıq zolağını da eyni aqibət gözləyir.
“Sevənlər”in vüsala qovuşduğu yer
Yaşıllıq zolağı təkcə ağacların məhv edilməsi ilə yadda qalmır. Bura daha çox əyyaşxana və yüngül əyləncə yerini xatırladır. Burdan keçən insanlar təbii ehtiyaclarını ödəmək üçün əraziyə girirlər. Ən dəhşətlisi isə buranın “sevənləri”n vüsal yeri olmasıdır. Bir çox yüngül həyat tərzi keçirənlərr öz ehtiraslarını məhz burda söndürürlər. Bunun üçün yaşıllığın bir küncündə “VİP” yer də hazırlanıb.
Bir sözlə şəhərin mərkəzində, gediş-gəlişin çox olduğu bir yaşıllıq ərazi hamının gözü qarşısında məhv olub gedir.
Maraqlı məsələ odur ki, parkın Ayna Sultanovadan üzübəri bütün hissəsi yüksək səviyyədə abadlaşdırılıb. Amma məhz bu hissədə kiçik bir ərazi illərdir ki, əl vurulmur. Buranın daimi sakinləri deyir ki, bu qədər müddət uzadılmasının səbəbi isə hansısa işadamı ilə bəzi məmurların razılığa gələ biməməsidir.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövqeyini öyrənmək istədik.
Nazirlikdən Bizim.Media-ya bildirdilər ki, məsələdən xəbərsizdirlər. Məsələni ətraflı araşdırıb məlumat verəcəklər.
Mövzunu davam etdirəcəyik./Bizim.Media.az
Bu xəbər üçün şərh yazın