Bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb – İcra başçısını qəbulunda olay
Abşeron rayonu icra hakimiyyətinin başçısı İradə Gülməmmədova bu günlərdə Masazırda sakinlərlə görüşü vaxtı gözlənilməz anlar yaşanıb.
Vətəndaşlardan biri Bələdiyyə sədri Siyanfər Əliyevi ifşa edən sənədlər ortaya çıxarıb. Məlum olub ki, bələdiyyə sədri Abşeron rayon sakini Həziyeva Xanımnaz Araz qızına məxsus evin sənədlərini saxtalaşdıraraq 130 min manata başqasına satıb.
Onun başçıya təqdim etdiyi sənədlərdən məlum olub ki, Masazır kənd ərazisindən torpaq almış, 2011-ci ildə Masazır kənd bələdiyyə sədri Siyanfər Əliyevin 10.08.2011-ci il tarixli 981 saylı Abşeron Rayon İcra Hakimiyyətinə ünvanladığı məktuba əsasən ona 30.11.2011 tarixli 2437 saylı sərəncamla fərdi yaşayış evinin tikilməsinə icazə üçün sərəncam verilib. Bundan sonra vətəndaş öz torpağında ikimərtəbəli fərdi yaşayış evi tikib. Amma üstündən illər keçdikdən sonra qəribə olay baş verib.
Masazır bələdiyyə sədri onun üzərində ikimərtəbəli evi olan torpağını başqa bir şəxsə 130 min manata satıb. X.Həziyyevanın qanuni mülkiyyət hüquqlarını təsdiq edən sənədlər ortada olmasına baxmayaraq, həmin mülkiyyətlə bağlı Əliyeva Kübra Şirin qızına aid yeni sənədlər tərtib edilib.
Bu məsələni səyyar qəbulda icra başçısı qarşısında qaldıran vətəndaş həm də hüquq mühafizə orqanlarına müraciət edib məsələnin həlli üçün onlardan yardım istəyib.
Qeyd edək ki, Masazır bələdiyyə sədri Siyanfər Əliyevin əməlləri haqda mediada dəfələrlə yazı dərc olunub. Bələdiyyə sədri haqqında cinayətkar qruplarla iş birliyindən tutmuş qanunsuz əməllərinə qədər müxtəlif iddialar səslənib. Bu iddialara rəsmi münasibət bildirilməsə də, S.Əliyevin bir çox epizodlar üzrə hüquq mühafizə orqanlarında dindirilməsi ittihamların haqsız olmadığını göstərir./Bakupost.az
Bu xəbər üçün şərh yazın