"BƏLKƏ HAVANI DA PULLU ETSİN?..." - Xalq artistindən deputata sərt cavab
"Bu nə yanaşmadır? Təklif edirsən ki, Azərbaycan xalqı öz evini gəzmək üçün pul versin?
Tahir Rzayev hansı rayonun deputatıdır? Bu təklif, düşüncə bilavasitə Azərbaycan xalqına, eləcə də xalqın müqəddəs dəyərlərinin qorunmasına qarşı təxribatdır. İçərişəhərdə geydirmə ofislər var, Tahir müəllim zəhmət çəksin, onları sökdürsün. Gücü çatmır? Nə qədər otellər var, gücü çatırsa, gedib onları sökdürsün".
Bunu Qaynarinfo.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Milli Məclisin deputatı Tahir Rzayevin "İçərəhərə giriş piyadalar üçün də pullu olsun" fikirlərinə münasibət bildirərkən deyib.
Aktyor İçərişəhərin həm də yaşayış məskəni olduğunu xatırladıb: "İnsanlar orada yaşayır. Söhbət orada hansısa muzeylərdən gedə bilər. Xaricdə necədirsə, bizdə də elə olsun, amma vətəndaşların öz evlərinə gəlib-getməsi niyə pullu olmalıdır? Getsin öz işi ilə məşğul olsun. Bizi adətimizdən, torpağımızdan, kəndimizdən etmək istəyir? Bəlkə havanı da pullu etsin? İçərişəhər bizim əxlaqımız, mənəviyyatımız və and yerimizdir. Mən orada doğulub-böyümüşəm. Dədə-baba evimə getmək üçün pul verməliyəm? Orada yüzlərlə obyektlər fəaliyyət göstərir, antikvar əşyalar satılır. Camaat mədəniyyətini, tarixini təbliğ edir. İşərişəhərə girişi pullu edib camaatı qaçırdaq? Bəlkə Qız qalasını da hasarlayaq, heç kəsi yaxın buraxmayaq?".
Xalq artisti deputata məsləhət görüb ki, qanunların qəbulu ilə məşğul olsun: "Yaxşı olar ki, Tahir müəllim uşaq pulu, pensiya, qazilərin sosial ödənişləri ilə məşğul olsun. Camaatın güzəranı haqqında fikirləşsin. Sosial problemlər haqqında düşünsün".
Bundan əvvəl Milli Məclisin komitə sədri Tahir Rzayev təklif edib ki, İçərşəhərə giriş piyadalar üçün də pullu olsun: "Bütün ölkələrdə turistlərin gəzdikləri zonalar, kitabxanalar, muzeylər, parklar və s. pulludur. Həmin yerlərin qorunmasına, abadlaşdırılmasına əlavə vəsait sərf olunur. Buna görə də İçərəhərə də giriş müəyyən qiymətlərlə ölçülməlidir. Amma qiymətlər münasib olmalı, insanları narazı salmamalıdır. Gələn turistləri də qane etməlidir. Eləcə də rayonlardan gələn vətəndaşlarımız da İçərişəhərdə gəzirlər. Buna görə də qiymətlər qaneedici olmalıdır".
Bu xəbər üçün şərh yazın