Bəzi köçkünlər əlavə ev almaq üçün boşanır - Açıqlama
Son illər Azərbaycanda boşananların sayı artıb. Əhalinin hər 1000 nəfərinə düşən boşanma sayı 2-dir.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2022-ci ildə ən çox boşanmalar Yasamal rayonunda qeydə alınıb. Burada əhalinin hər 1000 nəfərinə düşən boşanma sayı 3,4 olub.
Həmin ildə hər 1000 nəfərə düşən boşanmanın sayının 1,5-dən yüksək, hətta 2 olduğu bölgələr var. Onlar arasında işğaldan azad edilən rayonlar da yer tutub. Məsələn, Ağdam 2, Füzuli 2,1, Zəngilan 2,6, Kəlbəcər 1,9 və s.
Xatırladaq ki, 2020-ci ildə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eldar Zeynalov yerli mediaya açıqlamasında məcburi köçkünlər arasında yeni mənzilə sahib olmaq üçün həddindən artıq süni boşanmanın olduğunu demişdi.
2022-ci ildən sonra rayonlar üzrə boşanma sayı açıqlanmasa da, ölkə üzrə ümumi boşanma sayı artıb.
Sosioloq Əhməd Qəşəmoğlu Bizim.media-ya açıqlamasında süni boşanmaların statistikaya az da olsa, təsir etdiyini bildirib:
"Ənənəvi qəbul etdiyimiz qaydada boşanmalarla yanaşı müəyyən bir məqsədə xidmət edən boşanmalar var. İşğaldan azad olunmuş bölgələrdə boşanmaların sayının çox olmasına bu da təsir edir. Belə bir fikir yayılmışdı ki, boşanma onlara yeni əmlak əldə eləməyə imkan verir.
Onunla bağlı süni boşanmalar var, yəni ər-arvad bir yerdə qalır, sənəd üzərində boşanırlar. Belə boşanmalar bir çox bölgələrdə, həmçinin işğaldan azad olunmuş bölgələrdə müşahidə olunub.
Belə məlumat vardı ki, ər-arvad boşananda iki təsərrüfat olur, torpaq almaqda, ev almaqda bu rol oynayır. Məcburi köçkünlərin arasında elələri var ki, Bakıda onlara mənzil verilib. Ona görə boşanırlar ki, ev birinin adında qalsın, digəri işğaldan azad olunan rayonlardan yeni bir ev alsın. Belə məlumatlar var.
Yəni bunlar bizim fərziyyələrimiz deyil, belə faktlar müşahidə olunub. Bu faktlar da müəyyən bir faizdir, çox deyil, amma hər halda statistikaya təsir edir. Yəni deyilmir ki, həmin bölgələrdə hamı ona görə boşanıb".
O, ümumilikdə, boşanmaya təsir edən fərqli amillərin olduğunu bildirib:
"Boşanmaya təsir edən ümumi amillər var. Azərbaycanda 2012-2014-cü ildən başlayaraq boşanma sayı sürətlə artıb. Burada təkcə iqtisadi, sosial faktorlar yox, digər, ayrı-ayrı faktorlar da rol oynayır".
Bu xəbər üçün şərh yazın