Birinci Qarabağ Müharibəsi şəhidləri dəfn olundu-Nazim Şirinov və İsmayıl Xəlilov Mehdiabad qəbiristanlığında torpağa tapşırıldı - FOTOLAR
Bu gün Abşeron rayonunun Mehdiabad qəsəbə Qəbiristanlığında Birinci Qarabağ Müharibəsi zamanı şəhid olmuş 2 hərbçimizin nəşi dəfn olunub.
Qeyd edək ki, bu il aparılan araşdırmalar nəticəsində kimliyi məlum olan 73 nəfərdən birinin 1962-ci il yanvarın 1-də Cəbrayıl rayonunun Doşulu kəndində dünyaya göz açan Şirinov Nazim Şirin oğlu, digərinin isə 19 fevral 1973-cü ildə Siyəzən rayonunda anadan olan Xəlilov İsmayıl Tofiq oğlu olduğu müəyyənləşib.
Polis sıralarında baş çavuş rütbəsində xidmət edən Nazim Şirinov 23 oktyabr 1993-cü il tarixində Füzuli şəhərində şəhid olub və Füzuli rayonunun adsızlar qəbiristanlığında naməlum şəhid kimi dəfn olunub.
Birinci Qarabağ müharibəsi başlayan zaman könüllü şəkildə ordu sıralarına qoşularaq cəbhəyə yollanan İsmayıl Xəlilov isə ağır döyüşlər zamanı şəhid olub və Tərtər Şəhidlər Xiyabanında naməlum əsgər kimi dəfn olunmuşdu.
Araşdırmalar zamanı kimlikləri müəyənləşdirilən şəhidlərimizin dəfn mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Millət vəkili Ceyhun Məmmədov, Səbail RİH-nin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının və idarə-təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirtak edib. Mərasimdə hərbi orkestrın müşayəti ilə Dövlət Himni səslənib, yaylım atəşi açılıb, dular oxunub. Sonra şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.
Dəfn mərasimində şəhid ailələri də öz növbələrində dövlət tərəfindən onlara daima diqqət və qayğının göstərildiyini və buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Bu xəbər üçün şərh yazın