
Birləşmiş Ərəb Əmirlikləri Nəşriyyatçılar Assosiasiyasının icraçı direktoru Raşid Əl-Kusu Milli Kitabxanada olub -FOTOLAR
24 oktyabr 2026-cı il tarixində Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Birləşmiş Ərəb Əmirlikləri Nəşriyyatçılar Assosiasiyasının icraçı direktoru Raşid Əl-Kusu (Rashid Alkous) və ictimaiyyətlə əlaqələr üzrə menecer Abdulla Əl-Abedi (Abdulla Al Abed) qəbul edib.
Görüş zamanı professor Kərim Tahirov qonaqları səmimi salamlayaraq onları Azərbaycan Milli Kitabxanasında görməkdən məmnunluğunu ifadə edib. Direktor Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin mədəniyyət, ədəbiyyat, kitabxana və nəşriyyat sahələrində daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. O, bu cür görüşlərin iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Professor Kərim Tahirov Azərbaycan Milli Kitabxanasının tarixi, fəaliyyəti, zəngin kitab fondu, beynəlxalq əlaqələri və həyata keçirdiyi layihələr barədə qonaqlara ətraflı məlumat verib. O qeyd edib ki, ölkənin baş kitabxanası olan Azərbaycan Milli Kitabxanası milli-mədəni irsin qorunması, sistemləşdirilməsi, rəqəmsallaşdırılması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm işlər həyata keçirir. Direktor Milli Kitabxananın dünyanın müxtəlif ölkələrinin milli kitabxanaları, elmi və mədəniyyət müəssisələri ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıraraq beynəlxalq kitab mübadiləsinin bu əlaqələrin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.
Professor, həmçinin Azərbaycan Milli Kitabxanasında müxtəlif ölkələrin ədəbiyyat bölmələrinin yaradılması təcrübəsindən bəhs edərək bu təşəbbüslərin xalqların bir-birinin tarixi, mədəniyyəti və ədəbiyyatı ilə daha yaxından tanış olmasına geniş imkanlar yaratdığını bildirib. O, Birləşmiş Ərəb Əmirliklərinin zəngin ədəbi və mədəni irsinin Azərbaycan oxucularına tanıdılması, eləcə də Azərbaycan ədəbiyyatının ərəb dünyasında təbliği istiqamətində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin məqsədəuyğun olduğunu qeyd edib.Görüşdə çıxış edən Birləşmiş Ərəb Əmirlikləri Nəşriyyatçılar Assosiasiyasının icraçı direktoru Raşid Əl-Kus səmimi qəbula görə professor Kərim Tahirova təşəkkürünü bildirib. O, Azərbaycan Milli Kitabxanasının zəngin kitab fondunu, beynəlxalq fəaliyyətini və mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. Raşid Əl-Kus nəşriyyatların və kitabxanaların cəmiyyətin intellektual inkişafında, mütaliə mədəniyyətinin formalaşmasında və milli ədəbiyyatın beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynadığını vurğulayıb.
Qonaq Birləşmiş Ərəb Əmirliklərində kitab və nəşriyyat sahəsinin inkişafına xüsusi diqqət yetirildiyini bildirərək beynəlxalq kitab sərgilərinin, ədəbi tədbirlərin və nəşriyyat layihələrinin ölkələr arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsindəki rolundan danışıb. O, Azərbaycan nəşriyyatları və kitabxanaları ilə əlaqələrin genişləndirilməsinin, Azərbaycan müəlliflərinin əsərlərinin ərəb oxucularına, ərəb ədəbiyyatı nümunələrinin isə Azərbaycan ictimaiyyətinə təqdim olunmasının qarşılıqlı mədəni əlaqələrin inkişafına mühüm töhfə verəcəyini qeyd edib.
Görüş zamanı iki ölkə arasında kitabxana və nəşriyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı kitab mübadiləsinin təşkili, Azərbaycan və ərəb ədəbiyyatının təbliği, müəlliflərin və nəşriyyatların beynəlxalq kitab sərgilərində iştirakının təşviqi, eləcə də gələcəkdə birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Professor Kərim Tahirov XII Bakı Beynəlxalq Kitab Sərgisinin müxtəlif ölkələrdən olan kitabxana, nəşriyyat və ədəbiyyat nümayəndələrini bir araya gətirən, yeni əlaqələrin qurulmasına və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə şərait yaradan mühüm platforma olduğunu vurğulayıb. O, bu cür beynəlxalq tədbirlərin ölkələr arasında mədəni dialoqun inkişafına, kitab və mütaliə mədəniyyətinin təbliğinə, eləcə də milli ədəbiyyatların qarşılıqlı tanıdılmasına xidmət etdiyini bildirib.
Görüşün sonunda qonaqlar kitabxananın müxtəlif şöbələri, oxu zalları, Nadir kitablar fondu, Fonoteka zalı, uşaq bölməsi və uşaq istirahət otağı ilə yaxından tanış olublar. Nadir kitablar fondu ilə tanışlıq zamanı qonaqlara “Milli-mənəvi dəyərlərin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünyanın müxtəlif kitabxanalarında mühafizə olunan Azərbaycan ədəbiyyatı klassiklərinin əlyazmalarının reprint nəşrləri, eləcə də fondda qorunan qədim əlyazma Quran nüsxəsi nümayiş etdirilib.
Qonaqlara Milli Kitabxananın fəaliyyəti, həyata keçirdiyi layihələr, elektron xidmətləri və zəngin kitab fondu haqqında ətraflı məlumat verilib.
Faktinfo.az






















Bu xəbər üçün şərh yazın