Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda görüş keçirilib, memorandum imzalanıb
29 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aqrar Problemlər İnstitutunun COP29-a həsr edilmiş “Dövrünqlobal problemləri: İqlim dəyişiklikləri” mövzusunda keçirilən Respublika elmi-praktik konfransında iştirak edən bir sıra elmi-tədqiqat institutlarının direktorları və əməkdaşları konfransdan sonra Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda görüş keçirmişdir.
Faktinfo.az xəbər verir ki, görüşdə elmi-tədqiqat institutlarının kənd təsərrüfatının inkişafına dəstək vermək məqsədilə gələcək əməkdaşlığın yeni mexanizmlər əsasında qurulması, elmi-tədqiqat mövzularının kordinasiyası, mövcud laboratoriyaların imkanlarından birgə istifadə, aqrar elmlər üzrə birgə nəşrlərin hazırlanması, yüksək indeksli jurnallarda müştərək məqalələrin nəşri, kadr hazırlığı, eyni zamanda, tərəflər arasında qarşılıqlı şəkildə layihə, konfrans, seminar və müzakirələrin təşkili barədə fikir mübadiləsi aparılıb.
Görüş zamanı anlaşma memorandumu imzalanıb. Memorandum Bitki Mühafizə və Texniki Bitkilər ETİ ilə Əkinçilik, Meyvəçilik və Çayçılıq, Üzümçülük və Şərabçılıq, Heyvandarlıq, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutları və AR ETN Aqrar Problemlər İnstitutu arasında imzalanıb. Memoranduma əsasən tərəflər arasında elmi-tədqiqat və təhlil işlərinin aparılması, layihələrin həyata keçirilməsi, konfranslar, seminarlar və maarifləndirici tədbirlərin təşkili, habelə bu istiqamətdə müasir dövrün tələblərinə cavab verən əməkdaşlıq münasibətlərinin qurulması mövzusunda razılığa gəliblər.
Sonda fəal əməkdaşlıq edərək bu istiqamətdə fəaliyyətlərini daha da genişləndirəcəklərini diqqətə çatdırıblar.
Bu xəbər üçün şərh yazın