
Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də Xocalı soyqırımının 33- cü il dönümünə həsr edilmiş tədbir keçirilib - FOTOLAR
Faktinfo.az xəbər verir ki,tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və digər şəxslər bu qanlı soyqrımın 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri tərəfindən Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə həyata keçirilməsindən,əliyalın insanlara,qocalara,körpə uşaqlara və köməksiz Xocalı şəhərindəki insanlara hücum edilməsindən bəhs ediblər.
Qeyd edilib ki,həmin gecə Xocalıya əvvəlcə artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılıb,az bir vaxt ərzində şəhərdə yanğın baş verib,şəhər tamamilə alova bürünüb.Nəticədə,şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olub. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilib. Bir gecənin içərisində qədim Xocalı yerlə-yeksan edilib.
Xocalını tərk etməyə məcbur olan əhali dağlara,meşələrə qaçıb.Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyiblər,şəhər sakinlərinə amansız divan tutublar.Nəticədə soyuq, qarlı fevral gecəsində yüzlərlə qız-gəlin əsir düşüb,girov götürülüb.Əliyalın,köməksiz qalan insanlar erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan məhv olub.
Cinayətkar erməni daşnaklarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülüb,487 nəfər şikəst olub,1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar olmaqla əsir götürülüb, ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalıblar.Bu günün özündə 150 nəfərin taleyi hələ də məlum deyil.
Bu bəşəriyyətdə görünməmiş soyqırım,erməni vəhşiliyi idi.Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca olub.Xocalı faciəsində 8 ailə ümumiyyətlə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Xocalıda törədilən qətliam erməni faşizminin ən bariz nümunəsi kimi yaddaşlarda əbədi yaşayacaqdır.
Faktinfo.az




Bu xəbər üçün şərh yazın