"Bu, əsl yoxsulluq göstəricisidir" –

"Bu, əsl yoxsulluq göstəricisidir" – "Burkina Faso və ya Niger göstəricilərinə yaxındır..."

Azərbaycan hökuməti rəsmi bəyanatlar və statistik göstərticilərlə ölkədə yoxsulluğun minimum səviyyədə olduğunu bəyan etsə də, bir çox iqtisadçılar bununla razılaşmır.

İqtisadçı Natiq Cəfərli bu mövzuda paylaşdığı yazıda yoxsulluq səviyyəsinin kifayət qədər yüksək olduğunu bildirib: “Hökumət israr edir ki, ölkə əhalisinin cəmi 5%-i yoxsuldur. Bunu necə hesabladıqlarını qoyaq kənara, görək özlərinin digər rəqəmləri nə deyir: Bu ilin ilk 4 ayında pərakəndə ticarət şəbəkəsində 17,0 milyard manatlıq mal satılıb. Bunun 9,6 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,4 milyard manatı isə qeyri-ərzaq malları olub. Həmin müddətdə ərzaq məhsullarının alınmasına 8 milyard 693 milyon manat xərclənib. Bu dövrdə alıcıların xərclədiyi vəsaitin 51,2%-i ərzaq məhsullarının payına düşüb. Yəni, əhali xərclədiyi hər 100 manatın 51 manat 20 qəpiyini ancaq ərzağa ödəyib. Bax bu, əsl yoxsulluq göstəricisidir. İnkişaf etmiş ölkələrdə xərclərinin 20%-dən çoxunu ancaq qidalanmağa ödəyən insan artıq yoxsul sayılır. İnkişaf etmiş ölkələri qoyaq kənara, Çində belə vətəndaşın ərzağa xərclədiyi vəsait ümumi xərclərinin 15%-ini keçmir.

Hə, onu da deyim ki, Azərbayanda məhəllə meyvə-tərəvəz dükanlarından, kiçik marketlərdən, yol kənarlarından və s. alınan ərzaq məhsulları statistikaya düşmür və ya, təqribi hesablanır. Onları da hesaba qatsaq, 51,2% deyil də 60-65% xərclərimizin ərzağa getdiyi görünər ki, bu da hardasa, Burkina Faso və ya Niger göstəricilərinə yaxındır...”/Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər