
“Bu il pulumuz tükənə bilər” - Rusiya Maliyyə Nazirliyi xəbərdarlıq edir
Rusiyanın 2026-cı il üçün büdcə neft və qaz gəlirləri planlaşdırılandan "çox aşağı" ola bilər.
Belə bir xəbərdarlıqla Rusiya maliyyə nazirinin müavini Vladimir Kolıçev mediaya açıqlamasında çıxış edib.
O, bunu Rusiya neft qiymətlərinin "aşağı olaraq qalması" ilə əlaqələndirib. Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, dekabr ayında Urals neftinin bir barelinin orta qiyməti beş illik minimuma - 39 dollara düşüb. Yanvar ayı da neft istehsalçılarına rahatlıq gətirməyib. Onlar Hindistan və Çinə xam neft satmaq üçün 50%-ə qədər endirim təklif etməyə məcburdurlar. “Bloomberg”-in məlumatına görə, Urals neftinin qiyməti bir barel üçün 35-37 dollara düşüb. Rusiya büdcəsində nəzərdə tutulan rəqəm isə 59 dollardır.
“Reuters”-in hesablamalarına görə, Rusiya Maliyyə Nazirliyi yanvar ayında 420 milyard rubl neft və qaz vergisi toplayacaq ki, bu da bir il əvvəlki eyni aydan 46% azdır. Nazir müavini Kolıçevə görə, hakimiyyət orqanları itkiləri Rusiya Milli Rifah Fondundan "kompensasiya etmək" niyyətindədirlər. Lakin rusiyalı ekspertlər yazır ki, bu gedişlə "Rusiya Milli Rifah Fondunun pulu bu il tükənə bilər".
1 yanvar tarixinə fondun 4,1 trilyon rubl likvid aktivləri, yəni istifadə olunmamış azad, real vəsaitləri var idi. Müharibənin əvvəlindən bəri Rusiya Milli Rifah Fondunun qızıl ehtiyatları 71% azalaraq 554 tondan 160 tona düşüb. Xarici valyuta ehtiyatlarından yalnız təxminən 30 milyard dollar dəyərində Çin yuanı qalır ki, bu da Fondun 2008-ci ildə yaradılmasından bəri ən aşağı göstəricidir.
Hesablamalara görə, itirilmiş gəliri ödəmək üçün Maliyyə Nazirliyi Milli Rifah Fondundan təxminən 3 trilyon rubl çıxarmalı, daha 700 milyard rubl isə investisiya xərclərinə yönəldilməlidir. Nəticədə fondda yalnız 400 milyard rubl qalacaq. Bu məbləğ isə federal büdcənin təxminən 3-4 günlük xərclərini ödəmək üçün kifayətdir./Azpolitika.info












Bu xəbər üçün şərh yazın