“Bu nə işdir? Utanmırlar, üzləri qızarmır...” – Ərdoğandan sərt açıqlamalar + VİDEO
“Kim alqışlanır? İnsanlığa xidmət edənlər alqışlanır. ABŞ Konqresi isə soyqırım törədən qatili alqışladı. Sözdə demokratiya dərsi verirlər.
Amma 40 minə yaxın adamı öldürənləri alqışlayırlar. Bu, dünyanın hara getdiyini göstərir”.
AzPolitika.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Konqresindəki çıxışına münasibət bildirərkən deyib.
Türkiyə lideri hazırkı qlobal sistemin köhnəldiyini vurğulayıb: “İkinci Dünya Müharibəsi qaliblərinin maraqlarını qorumaq üçün qurulan hazırkı qlobal sistem köhnəlməyə başlayıb. Sadəcə yaxın keçmişdə yaşanan böhranlara nəzər salmaq kifayətdir ki, sistemin artıq iflas ərəfəsində olduğunu görəsən. Suriyadakı münaqişə 13 ildir davam edir, Ukraynada müharibə davam edir, Yəməndə sabitlik əldə olunmamış, Sudanda vəziyyət qarışıb, Qəzzada 40 min dinc sakin həyatını itirib, 10 aydır soyqırımın qarşısı alınmır. Oktyabrın 7-dən insanlar körpələrin öldürülməsinə uzaqdan baxır, sanki kino izləyirlər. Onların qatili Netanyahu isə ABŞ-də alqışlanır. Bu nə işdir? Bunu başa düşmək mümkündürmü?”.
“Sözə gəlincə, bütün dünyaya demokratiya dərsi verənlər, dövrümüzün Hitlerini baş tacı edənlər utanmırlar. Üzləri qızarmır, nə ədalət, nə qanun, nə qayda, nə mərhəmətləri yoxdur. Sülh üçün heç bir məsuliyyət daşımır, insanlığın ümidini artırmaq üçün heç bir səy göstərmirlər. Zalıma zülmünə görə hörmət edildiyi, məzlumun haqqına məhəl qoyulmadığı bir halın şahidi oluruq. Bütün bunlar bizə onu göstərir ki, təkcə güclü dayana, ayaqda qalmağı bacaran və öz mövqelərini qoruya bilən ölkələrin qlobal sistemi kökünə qədər sarsıdan xaosdan uğurla çıxmaq şansı var. Türkiyə olaraq məsələlərə bu prizmadan baxırıq”,-deyə Ərdoğan bildirib.
Bu xəbər üçün şərh yazın