"Bu pulları mən 1990-cı illərdə qara və əlvan metal biznesimdən əldə etmişəm"-

"Bu pulları mən 1990-cı illərdə qara və əlvan metal biznesimdən əldə etmişəm"- Hüseyn Abdullayev

Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, anası Zeynəb Abdullayeva, Dövlət Sərhəd Xidmətinin əməkdaşları – Həbib İbrahimov, Zaur Quliyev, Pərviz Kazımov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov və Nazim Əliyevin məhkəməsi keçirilib.

İclasda şahidlər ifadə verib. Gözəl Bayraməliyeva deyib ki, Z. Abdullayeva onun baldızıdır: “Zeynəb xanım həyat yoldaşı rəhmətə gedəndən sonra çox ağladığı üçün gözləri ağrıyırdı, bir neçə ay yemək də yemədiyi üçün mədəsində xəstəlik yaranmışdı. Buna görə də müalicə üçün xaricə gedirdi. Hüseyn müəllim Azərbaycana gətiriləndən sonra da Zeynəb xanımın səhhəti pisləşdi, hər gün xəstəxanada olurdu. Ona görə mən onunla tez-tez telefonla danışırdım. İstintaqda məndən soruşdular ki, Hüseyn müəllim bizə külli miqdarda pul göndəribmi? Mən də dedim xeyr. Əmlakları, villaları, çoxlu pulu olub-olmamasını soruşdular. Mən də dedim yoxdur, bilmirəm. Bizim tayfada bütün xəstələrə, xeyri-şəri olanlara Zeynəb xanım kömək edirdi. Hərəyə 200-300 dollar verirdi. Hüseyn müəllim pulu anasına göndərirdi. Zeynəb xanım onun nömrəsini heç kimə vermirdi ki, hər adam zəng edib pul istəməsin”.

Məhkəmədə məlum olub ki, “Sovetski”də evlər plana düşən zaman Hüseyn Abdullayevin anası Zeynəb Abdullayevanın adına olan 10-a yaxın ev də sökülüb və dövlət tərəfindən kompensasiya verilib.

Prosesdə Z. Abdullayeva çıxış edərək mətbuatı məhkəmədə olanları düzgün işıqlandırmamaqda ittiham edib. Prosesdə iştirak edən jurnalistlər bu günə kimi məhkəmə iclaslarına buraxılmadıqlarını, bu barədə Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət etdikdən sonra ilk dəfə prosesdə iştirak etdiklərini bildiriblər.

Z.Abdullayeva daha sonra isə zərərçəkmiş Elnur Məmmədovun epizodu üzrə danışıb: “Onun kimi mərdimazar adam yer üzündə yoxdur. Elnur bizim obyekti icarəyə götürüb, amma pulu ödəməyib. Mən də ondan pulu istəmişəm. Elnurla mən danışmışam. Əgər buna görə Hüseyni tutublarsa, məni də tutsunlar. Əgər məni buraxırlarsa, Hüseyni də buraxsınlar. Mən özüm hər gün Elnura zəng edib obyektin arendasının pulunu istəyirdim, o niyə oğlumdan şikayət edib? Fəzail Ağamalıdan 1 faiz incimişəmsə, Elnurdan 500 faiz incimişəm”.

Bundan sonra Z.Abdullayevanın qızının sürücüsü Ceyhun Həsənquliyev deyib ki, zərərçəkmiş Elnur Məmmədovun yanına gedərək ondan icarə haqqını götürüb: “Hər dəfə 500, ya da min manat almışam, ümumi 4500 manat pul götürmüşəm. Orda da heç bir söz-söhbət olmayıb. Heç kimə hədə-qorxu gəlinməyib”.

Bir neçə epizodik şahidlər dindiriləndən sonra məhkəmədə fasilə elan olunub.

Prosesin ikinci hissəsində Vergilər Nazirliyinin hüquqşünasları mülki iddiaçı kimi çıxış etmək istədiklərini bildiriblər. Nümayəndə Qoşqar Bədirxanov deyib ki, H.Abdullayev və Z.Abdullayevaya məxsus olan şirkətlər külli miqdarda vergidən yayınıb. O, əlavə edib ki, “Araz İnşaat” MMC üzrə 1 milyon 269 min manat, “Kənan S” şirkəti üzrə 1802 manat vergidənyayınma olub.

H.Abdullayev və Z.Abdullayevaya onların “Kənan S” adlı şirkətinin olmadığını deyib. “Araz İnşaat” üzrə isə vergi borclarının olmadığını, səsləndirilən bu rəqəmin necə yaranmasının izah edilməsini istəyiblər.

Hakimlər VN əməkdaşından bu rəqəmi sübuta yetirməyi və “Kənan S”in həmin şəxslərə aid olduğunu göstərən sənədləri məhkəməyə təqdim etmələrini istəyiblər. Lakin Q.Bədirxanov onda bu sənədlərin olmadığını və vergi borcunun necə yaranmasını izah edə bilməyəcəyini deyib: “Mən bu sahənin mütəxəssisi deyiləm, yoxlama da aparmamışam. Baş Prokurorluq istintaq araşdırması zamanı bu nəticəni əldə edib, bizə mülki iddiaçı kimi tanınmaq üçün müraciət edib. Biz istintaqın verdiyi rəqəmlərə əsaslanaraq bu məbləğdə vergidən yayınmanı müdafiə edirik”.

Hakim VN əməkdaşından səyyar yoxlama aparıb-aparmadıqlarını soruşub. O isə istintaqdan sonra araşdırma üstünə araşdırma aparmaq səlahiyyətləri olmadığını deyib.

Baş prokurorluğun ittihamçısı da VN hüquqşünasına məhkəməyə hazırlıqsız, sənədlərsiz gəlməyi irad tutub.

Nazirliyin ikinci hüquqşünası Xəyal Əhmədov isə çıxışında bildirib ki, Z.Abdullayevaya məxsus Şıxov ərasizində yerləşən torpaq vergisindən 171 min manat ödənilməmiş qalıb. O deyib ki, Z.Abdullayevanın adına rəsmi sənəddə 4,3 hektar torpaq olub, lakin ekspertlər yerində ölçmə işləri aparanda müəyyən olunub ki, torpaq sahəsi 13, 48 hektardır. Buna görə də yaranan fərqin torpaq vergisi illər ərzində ödənilməyib və 171 min vergi borcu yaranıb.

Daha sonra əlavə edib ki, H.Abdullayev fiziki şəxs kimi vergi uçotuna durmadan qanunsuz sahibkarlıqla məşğul olub və dövlətə ödəməli olduğu 22 milyon 246 min vergini ödəməkdən yayınıb. Belə ki, H.Abdullayev 2011-ci ildə Yasamal rayonunda aldığı mənzilləri 2017-ci ildə baha qiymətə satıb. Bu mənzillərin satışından 110 milyon manat gəlir əldə edilib. Buna görə də dövlətə 22.246 milyon vergi ödənilməli idi.

İttihama münasibət bildirən H.Abdullayev deyib ki, onların sadəcə 4,3 hektar yeri olub, o da 2013-cü ildə başqa bir şirkət tərəfindən zəbt edilib: “İndi orada yük maşınları saxlayırlar, gedib baxa da bilərsiniz. O torpaq bizdə olduğu müddət ərzində də vergisini ödəmişik. Qalan 9 hektarın isə bizə aidiyyatı yoxdur. Mənim olmayan torpağa görə niyə vergi ödəməliyəm?”

Hakim VN əməkdaşından H.Abdullayevin həmin 9 hektardan necə istifadə etdiyini soruşub, o isə torpaqdan istifadə edilmədiyini bildirib. Daha sonra hakim ona belə bir sual ünvanlayıb: “Deyək ki, mənim sənəd üzrə bir ərazidə 1 hektar yerim var, onun ətrafında da 20 hektar boş ərazi var. Sahədən də istifadə olunmur. Siz mənim 1 hektardan artıq sahəni zəbt etdiyimi necə izah edə bilərsiz?”

VN əməkdaşı Xəyal Əhmədov isə həmin ərazidə olmadığını, ölçmə işlərində işirak etmədiyini, sadəcə istintaqın gəldiyini nəticəni müdafiə etdiyini deyib.

Hakim isə növbəti iclaslarda bu suallara cavab tapmaq üçün istintaqa cəlb olunan ekspertlərin dindiriləcəyini bildirib. VN hüquqşünaslarına da hazırlaşıb növbəti iclasda çıxış etməsi izah olunub.

H.Abdullayev 22 milyonluq ittihamla bağlı da danışıb: “Bu işlə bağlı utopik rəqəmlər səslənir. Xahiş edirəm açıqlansın ki, kimdən nə almışam, nə satmışam, neçəyə alıb neçəyə satmışam. Bunları konkret rəqəmlərdə deyib sübut edin. Sadəcə mənim və qohumlarımın bank hesabları izlənilib, ordan transfer olunan pullara görə vergi hesablanıb. Bu pulları isə mən 1990-cı illərdə qara və əlvan metal biznesimdən əldə etmişəm. Bu biznesim də Almaniyada, Ukraynada olub. Onların da bütün vergiləri ödənib,  ödəməmişəmsə də, bunu Almaniya tələb edə bilər. Mən 2000-ci ildən sonra nə 1 kq metal almışam, nə də satmışam. “Araz İnşaat”la bağlı da bir dəfə anamdan 1,8 milyon manat vergi pulu alıblar, amma rəsmiləşdirməyiblər. Mən heç nə etməmişəm, şükür ki, indi məhkəmə də ədalətli aparılır, pis deyil, təki axırı da yaxşı olsun”./Qafqazinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi