Büdcədən kimə nə qədər çatacaq? –2018- ci ilin xərcləri
Azərbaycanın 2018-ci il üçün icmal büdcəsinin gəlirləri 23 milyard 223,2 milyon manat təşkil edəcək. Bu göstərici ötən ilkindən 246 milyon manat çoxdur.
Maliyyə Nazirliyinin Azərbaycanın 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında belə deyilir. Nazirlik sənədi yeni yayıb. Təqdimatda deyilir ki, 2018-ci ildə icmal büdcənin xərcləri 26 milyard 674 milyon manat nəzərdə tutulur. Xərclər əvvəlki ildəkindən 3 milyard 895 milyon manat azdır.
2018-ci ilin büdcəsində proqram və tədbirlərin maliyyələşdirilməsinə 8 512, 8 milyon manat nəzərdə tutulur. Bu istiqamətdəki xərclər əvvəlki illə müqayisədə 62,2 faiz artırılır. Büdcədə sosialyönümlü xərclər 7 milyard 4,8 milyon manat (33,5 faiz) təşkil edir. Bu göstərici əvvəlki ildəkindən 2 faiz çoxdur.
Elm, təhsil, səhiyyə…
2018-ci ilin dövlət büdcəsində elm xərclərinin payı, cəmi 0,6 faiz (128 milyon manat) təşkil edir. Ancaq bu göstərici əvvəlki ildəkindən 9,5 milyon manat çoxdur. Büdcə layihəsində deyilir ki, həmin vəsaitlər fundamental elmi tədqiqatların aparılmasına sərf ediləcək. 2018-cİ ilin təhsil büdcəsinə gəlincə, bu sahənin ümumi büdcədəki payı 2 milyard manatdan bir qədər artıqdır. Təhsil xərcləri 2017-ci illə müqayisədə 11, 2016-cı illə müqayisədə isə 14 faiz çoxalıb.
2018-ci ilin dövlət büdcəsində səhiyyəyə ayrılan xərclər 740 milyon manat təşkil edir. Büdcədəki ümumi pay 3,5 faizdir.
Pensiya, müavinət xərcləri azaldılır
Pensiya və müavinətlərin, ünvanlı sosial yardımların, məcburi köçkünlərə ödənişlərin maliyyə təminatına 2018-ci ildə 2 milyard 197 milyon manat ayrılması nəzərdə tutulur. Bu, 2017-ci illə müqayisədə 6,6 faiz azdır.
İdman xərcləri çoxalır
2018-ci ilin büdcəsində mədəniyyət və idman xərcləri çoxalacaq. Bu sahədəki xərclər ümumi büdcənin 1,5 faizini (304 milyon) təşkil edir. 2017-ci illə müqayisədə xərclərdəki artım 7,7 faiz təşkil edir.
Hüquq-mühafizə qurumlarının xərcləri də artırılır
Müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə, prokurorluq qurumlarının saxlanılması xərcləri büdcənin 20 faizinə yaxındır. Bu istiqamətə 4 milyard 68,3 milyon ayrılması planlıaşdırılır. Bu göstərici əvvəlki illə müqayisədə 5,2 faiz çoxdur.
2 milyard 738 milyon manat (2017-ci ildəkindən 3,7 faiz çox) müdafiə və təhlükəsizliyin, 1 milyard 329 milyon manatsa (2017-ci ildəkindən 8,6 faiz çox) məhkəmə, prokuroluq və hüquq-mühafizə orqanlarının saxlanılmasına xərclənəcək.
Nəqliyyat və rabitəyə 166 milyon, onun da 55 milyonu "Azərkosmos"a…
Kənd və meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsinə isə dövlət büdcəsində cəmi 656 miyon manat nəzərdə tutulur. Bu, əvvəlki ildəkindən 27 faiz çoxdur.
Nəqliyyat və rabitə sahələrinə 2018-ci ildə 166 milyon manat ayrılacaq. həmin vəsaitin 55 milyonu "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti üçün nəzərdə tutulur.
Dövlət borcu xərcləri…
2018-ci ildə dövlət borcu ilə bağı xərclər xeyli artacaq.
Büdcə layihəsində dövlət borclarına xidmətlə xərclər 2 milyard 263 milyon manat nəzərdə tutulub. Bu rəqəm 2017-ci ildəkindən 621 milyon manat çoxdur. Büdcə layihəsində bu artım Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması xərcləri ilə izah edilir.
Bu xəbər üçün şərh yazın