Cadugərliklə məşğul olan bu ekstrasens… – Astroloqdan cavab
Hər danışdıqca özünü biabır etməsin, yalan proqnozlara görə üzr istəsin, məsələ də bağlansın. Onu qızışdıranlara şans verməsin.
Bu sözləri Axar.az-a tanınmış astroloq Səbuhi Rəhimli ekstrasens Nadim Alixanovun onunla bağlı dediklərinə və onu “proqnoz duelinə” çağırmasına münasibət bildirkən deyib.
Ekstrasensin onunla bağlı dediklərini gülüşlə qarşılayan astroloq S.Rəhimli bildirib ki, o, N.Alixanovdan hesabat verməsini tələb edib:
“Maraqlısı budur ki, müdafiəsini düzgün qura bilməyən əli “silahsız” kimsə məni “duelə” çağırır. Çox primitiv, savadsız bir cavaba mən nə deyə bilərəm ki! Mənim intriqalar mərkəzində olmadığımı hamı bilir. Sadəcə olaraq, bu adamın ötən il saytlara verdiyi proqnozların yalan çıxmasına cavab verməsini tələb etdim. Bu bir vətəndaş kimi hamımızın, xüsusən də jurnalistlərin haqqıdır. O isə yalanını ört-basdır etmək üçün 2017-ci ili 2018 etməklə, proqnozun “ömrünü” uzadıb. Hələ əvvəlcə öz dediklərini əsaslandırsın, yalan proqnozlara görə üzr istəsin…”
S.Rəhimli bildirib ki, belə adamlardan hesabat tələb etmədikcə sensasiya xətrinə hər ilin sonunda beləcə sayıqlamalar demələri üçün zəmin yaranacaq:
“Onun məni ittiham edəcək haqqı və arqumenti yoxdur. Mən heç o adamı tanımıram, sadəcə bir-iki tanışım açıqlamamdan sonra dedi ki, o, şimal bölgəsində yaşayır, cadugərlik və falçılıq edir. Mən isə belə adamları həmişə ifşa etmişəm. Tək o deyil, proqnoz verən hər kəsin proqnozlarına hesabat verməsini tələb etmişəm. Əminəm ki, o adam heç “ekstrasens” sözünün nə demək olduğunu bilmir. Ekstrasens hara, proqnoz vermək hara? Heç astrologiyanı da bilmir. O zaman ondan soruşun ki, dediyi “proqnozları” hansı üsulla əldə edir, nəyə əsaslanır? Ona da əminəm ki, məni də tanımır və yaradıcılığımdan, göstəricilərimdən xəbəri yoxdur”.
S.Rəhimli N.Alixanova məsləhət də verib:
“Öncəgörmə qabiliyyəti insanda iki təsirdən yaranır: ya yüksək fitri istedaddan, kamillik dərəcəsindən, ya da fiziki və ya mənəvi travmadan. Azərbaycanda tanıdığım “öncəgörənlərin” 99 faizi travmalıdır.
Biz hər il verdiyimiz proqnoza görə necə məsuliyyət daşıyırıqsa, o da məsuliyyətlə yanaşsın öz dediklərinə. Verdiyi hansı proqnoz özünü doğrultmayıbsa, bunun hesabatını versin”.
Qeyd edək ki, S.Rəhimli ekstrasens N.Alixanovun ötən il 2017-ci il üçün verdiyi özünü doğrultmayan proqnozlar üçün hesabat verməsini tələb etmişdi.
Buna münasibət bildirən ekstrasens 2017-ci il üçün dediklərinin əslində 2018-ci ilə aid olduğunu və dediklərinin doğru çıxacağını bildirmiş və S.Rəhimlini “duel”ə çağırmışdı:
“Səbuhu Rəhimli də yaxın 6 ay ərində baş verəcək hadisələrin proqnozunu versin, mən də verim. Görək, kimin dedikləri düzgün çıxacaq”.
Bu xəbər üçün şərh yazın