Çətin siyasi və iqtisadi şəraitdə imzalanan "Əsrin müqaviləsi" Heydər Əliyevin timsalında illər sonra...

Çətin siyasi və iqtisadi şəraitdə imzalanan "Əsrin müqaviləsi" Heydər Əliyevin timsalında illər sonra... 

Bu gün müstəqil Azərbaycan dövlətinin qurucusu, müstəqilliyimizin xilaskarı, onu parçalanmaq təhlükəsindən hifz edən Ulu Öndər Heydər Əliyevin anım günüdür. O, 2003-cü il 12 dekabr tarixində dünyasını dəyişib. Bu tarixdən 22 il ötür.Başa düşülən həqiqət isə ondan ibarətdir ki, Ümummilli Liderin ruhu şaddır.Çünki, Azərbaycan onun arzuladığı tarixi gerçəkliyi yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, eləcə də şəhidlərimizin qanı, canı bahasına əldə olunan Zəfərimiz, suverenliyimizi şərtləndirdi.Elə Heydər Əliyevin də görmək istədiyi bu tarixi gerçəklik idi. Bu tarixi günü görmək ona nəsib olmasa da, əslində onun konturlarını özü cızmışdı. Bu səbəbdən Heydər Əliyev tarixin fövqündə dayanan və xatırlanan siyasi liderdir.

Heç kimə sirr deyil ki, zaman –zaman tarixi şəxsiyyətlər gündəmə gələndə onların fəaliyyətinə müxtəlif aspektlərdən yanaşılıb, bir və ya bir neçə müsbət cəhətləri xüsusi qabardılıb. Bu mənada rasional yanaşsaq, siyasətçiyə xas olan, onlarla xüsusi keyfiyyətləri özündə ümumiləşdirən,Ulu Öndəri xalqa sevdirən səbəblər yetərincədir.Məsələn, siyasətdə ardıcıllıq, prinsipallıq, sistematiklik və səbrlə tarixi faktlara, təkzibolunmaz dəlillərə əsaslanmaq ona xas olan cəhətlərdən idi. O, illəri, tarixi prosesləri qabaqlaya bilən bir siyasi lider kimi bilirdi ki, Azərbaycanın işğal altında olan tarixi torpaqlarının geri qaytarılması üçün fundamental bazis rolunu oynayacaq başlıca amil iqtisadi müstəqillikdi. Ona görə də siyasətdə ardıcıllıq, prinsipallıq, sistematiklik xalqın işinə yaradı, çoxlarına illuziya kimi görünən "Əsrin müqaviləsi" imzalandı. Bu tarixi hadisə illər sonra hərb meydanında sözünü deyəcəkdi. Bu tarixi gerçəkliyi elə zamanla Ermənistan Respublikasının 1-ci Prezidenti Levon Ter-Petrosyan da açıq müstəvidə Ermənistan cəmiyyətinə,siyasətçilərindən tutmuş hər kəsə etiraf etmişdi. "Gəlin, özümüzü aldatmayaq... Azərbaycan Heydər Əliyevin rəhbərliyi altında neft kontraktlarını imzaladı. Artıq Qarabağ məsələsində bizim müttəfiqimiz yoxdur. Yeganə müttəfiqimiz xoşagəlməz avantürizmidir. Gözləyə bilmərik, kompromisə getməliyik, bir neçə il sonra Azərbaycan qarşısında daha zəif olacağıq".

Bəli, bunlar siyasət klassiki Heydər Əliyevin uzaq perespektivlərə hesablanan və Azərbaycanın gələcəkdə döyüş meydanında məğlubedilməz gücü üçün gerçəkləşdirdiyi siyasi kursunun tərkib hissəsi idi.

Həqiqətən, düz deyiblər, nəzəri biliyin nə qədər olur-olsun, bu bilik təcrübə ilə uzlaşmırsa, demək, onun bir o qədər anlamı yoxdu. Xoşbəxtlikdən, Heydər Əliyev uzun illər Respublikaya rəhbərlik etmiş, SSRİ Nazirlər Kabinetində çalışmışdı. Bu səbəbdən şəraitə uyğun davranmağı, bütün siyasi təxribatlara qarşı qoyulacaq konturları özü üçün müəyyənləşdirə bildi. Bu təcrübə müstəqilliyimizin kövrək illərində onun üstünlüyü idi. Ona görə də dahi rəhbər müstəqilliyimiz üçün qorxulu vəziyyət - cənubda Talış-Muğan, şimalda sadvalçılar, qərb bölgəsində gəncəbasar kimi siyasi gərginliyin qarşısını əsil siyasətçiyə xas olan bir şəkildə ala bildi. Bunlar tarixi gerçəkliklərdi, heç kim bu tarixi təkzibolunmaz faktları illər keçsə belə inkar edə bilməz. Eləcə də, zamanında bir prezident kimi məsuliyyəti üzərinə götürüb hərbi üstünlüyə malik olan düşmənlə atəşkəsə nail olması onun siyasətdə şah gedişi idi. 

Xüsusilə, özəl xarakter daşıyan batalyonların ləğv edilib, vahid komandanlıq yaradılması, paralel olaraq, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün Avropa-ABŞ istiqamətində diplomatik gedişlər etməsi, xarici investorların Azərbaycana cəlb edilməsi üçün işlər aparması, əhalinin məşğulluğunu təmin etmək üçün özünü doğruldan təsərrüfat sisteminə keçidi təmin edən torpaq islahatını gerçəkləşdirməsi və s. elə də uzaq olmayan tarixi keçmişimizdir.

Təbii ki, Ulu Öndər Heydər Əliyevin yuxusuz gecələrdən borc aldığı zamanlar hesabına Müstəqil Azərbaycan Respublikası üçün gördüyü işləri bir məqalənin sərhəddinə sığışdırmaq çətindi. Amma fakt odur ki, bu gün daha güclü Müstəqil Azərbaycan Respublikası var və bu vətənin dörd bir tərəfində Azərbaycanın üç rəngli bayrağı dalğalanır.

Və bu gün, 12 dekabr onun anım günündə, sanki bayrağımızın rəngləri Heydər Əliyevin ömür yoluna işıq salır. Mavi rəng Azərbaycana sədaqətini, qırmızı rəng mübarizliyini, yaşıl rəng isə inancını təmsil edir.

Fuad İsgəndərov 

Faktinfo.az saytının baş redaktoru







Birinci məlumatlanmaq üçün facebook səhifəmizi