CHP AKP-dən bu vilayətləri aldı - Siyahı
ürkiyədə keçirilən 31 mart bələdiyyə seçkiləri nəticəsində müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) əlində olan Ankara, İstanbul, İzmir, Antalyanı qorumaqla yanaşı, Bursada da qalib gələrək, Türkiyənin ən böyük 5 vilayətində idarəetməni ələ keçirdi.
Bununla da CHP aldığı 37.74 faiz səslə 47 il sonra ilk dəfə bir seçkidən qalib kimi çıxmış oldu. AKP isə qurulduğu 2001-ci ildən bəri 35.5 faiz səslə ilk dəfə ikinci oldu.
Bu seçkidə ikinci ən böyük hadisə isə CHP-nin illər sonra xeyli sayda vilayəti ələ keçirməsidir.
2004-cü ildən bəri AKP tərəfindən idarə edilən Adıyamanda CHP-nin namizədi Əbdürrəhman Tutdərə 49.74 faiz səslə qalib gəldi.
Ən sürpriz nəticələrdən biri də Balıkəsirdə qeydə alınıb. Burada CHP-nin namizədi Əhməd Akın səslərin 51.1 faizi alaraq qalib gəlib. CHP bununla da Balıkəsirdə 1950-ci ildən bəri ilk dəfə qalib olub.
CHP-nin namizədi Əhməd Önal 49.9 faiz səslə Qırıqqalanın bələdiyyə sədri seçilib. Bu, Qırıqqalanın 1989-cu ildə vilayət olmasından bəri CHP-nin ilk qələbəsidir.
Kilisdə də CHP ilk dəfə qalib gəlib. Partiyanın namizədi Hakan Bilecen 41.97 faiz səs alaraq, bələdiyyə sədri seçilib. Xatırladaq ki, 2014-cü ildə CHP bu vilayətdə 3 faiz səs toplamışdı.
AKP-nin ən böyük məğlubiyyətlərindən biri də Bursanı itirməsi oldu. 2004-cü ildən bəri AKP-nin nəzarətində olan vilayət son seçkidə CHP-yə keçdi. CHP-nin namizədi Mustafa Bozbəy 47.6 faiz səs alaraq bələdiyyə sədri seçilib./Axar.az
Bu xəbər üçün şərh yazın