"Çovdar" qızıl layihəsi üzrə filiz ehtiyatı bazası artırılıb

"Çovdar" qızıl layihəsi üzrə filiz ehtiyatı bazası artırılıb 

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən istismar edilən “Çovdar” qızıl yatağının ehtiyatlarının artırılması və istismar müddətinin uzadılması istiqamətində 2023-cü ildə fəaliyyət uğurla davam etdirilib.

Qeyd edək ki, Səhmdar Cəmiyyət yataqda hasilat işlərinə 2017-ci ildə başlanılıb. 2016-cı ildə yatağın satılabilən qızıl ehtiyatı 179 min unsiya hesablansa da, istismar işləri ilə paralel həyata keçirilən optimallaşdırma və əlavə kəşfiyyat işləri nəticəsində yatağın satılabilən qızıl ehtiyatı 535 min unsiyaya çatdırılıb. Həmçinin, QSC-nin geoloqları tərəfindən kəşf edilmiş “Ağyoxuş” qızıl yataqları qrupu və “Mərəh” qızıl yatağı, eləcə də SSRİ dövründə kəşf edilmiş, müasir dönəmdə məhz Səhmdar Cəmiyyətin geoloqları tərəfindən geniş tədqiq edilmiş “Tülallar” qızıl yatağı hesabına satılabilən ümumi qızıl ehtiyatı daha 243 min unsiya artırılaraq, 778 min unsiyaya çatdırılıb. Bununla da 2016-cı ildən 2023-cü ilədək “Çovdar” və cinahlardakı yataqlar hesabına ümumi satılabilən ehtiyat bazasının 4 dəfədən çox artırılmasına nail olunub.

Sözügedən cinah yataqların resurslarının istismarı Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) həyata keçirilir. ÇİRES Çovdar Filiz Emalı Sahəsinin bazasında 2020-ci ildə yaradılıb. Məqsəd emal prosesində mövcud maddi-texniki bazadan mərkəzləşdirilmiş qaydada istifadə edilməsidir. Bununla müstəqil şəkildə səmərəsizlik riski daşıyan cinah yataqların iqtisadi səmərəliliyi təmin edilir.

2020-ci ildə regional emal sahəsinin istismar dövrü 8 il hesablansa da, ehtiyatlarda əldə edilən artımlar hesabına bu müddətin 10 ilə çatdırılmasına nail olunub. Yaxın perspektivdə isə regionda yeni cinah yataqların kəşf edilməsi və resurların artırılması ilə ÇİRES-in fəaliyyət müddətinin daha da uzadılmasını hədəf olaraq qarşıya qoyulub.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi