"ÇOX TƏƏSSÜF Kİ, "ŞUŞA FİLİALI" SÖZÜNÜ "AĞCABƏDİ FİLİALI" İLƏ ƏVƏZ ETDİLƏR" -Mətanət Fərzəliyeva
Tezadlar TV (TTV) internet televiziyasının dünənki yayımında Qarabağ Universitetinin yaradılmasına həsr etdiyi verilişin qonağı vaxtilə Xankəndidə fəaliyyət göstərən Pedaqoji İnstitutda çalışmış filologiya elmləri doktoru, professor Raqub Kərimovun çıxışı ciddi reaksiyaya səbəb olub.
Qeyd edək ki, mövzu ətrafında söhbət zamanı professor Raqub Kərimov 1988-ci ildə ermənilərin Xankəndində fəaliyyət göstərən Pedaqoji İnstitutun azərbaycanlı müəllim və tələbə kollektivinə qarşı kütləvi xarakter alan hədələri, fiziki və mənəvi təzyiqləri, onların ermənilərə yönəlik göstərdikləri dirəniş, şahidi olduğu hadisələr və institutun sonrakı taleyi barədə məlumatlar səsləndirib, yeni yaradılacaq Qarabağ Universiteti ilə bağlı təkliflərini açıqlayıb.
Verilişdən sonra redaksiyamıza professor R.Kərimovun çıxışı ilə bağlı müxtəlif səpkili məktublar daxil olub. Belə məktub müəlliflərindən biri də ADPU-nun Ağcabədi filialının dosenti Mətanət Fərzəliyevadır.
Mətanət Fərzəliyevanın məktubunu olduğu kimi təqdim edirik:
"Hörmətli redaksiya!
Bildirmək istəyirəm ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı Azərbaycan Respublikası prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 saylı sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının bazasında yaradılmışdır. Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı isə 13 iyun 2000-ci il tarixli, 349 saylı fərmana əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının bazasında yaradılmışdır.
Çox təəssüf ki, Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı yaradılanda "Şuşa filialı" sözünü "Ağcabədi filialı" ilə əvəz etdilər. 1992-ci ilin yanvar ayına qədər Xankəndi Pedaqoji İnstitutunun Azərbaycan bölməsi Şuşa şəhərində fəaliyyət göstərdi. 1992-ci ilin II semestrindən (fevral ayından) isə Ağcabədi şəhər 1 saylı orta məktəbdə, 1992/93-cü tədris ilindən hal-hazıra kimi Ağcabədi texniki peşə məktəbinin binasında bütün çətinliklərə dözərək fəaliyyətini davam etdirir.
Ancaq, nədənsə, qeyd edilir ki, Xankəndi Pedaqoji İnstitutunun fəaliyyəti 1988-ci ildə dayandırılıb. Halbuki bütün çətinliklərə, təqiblərə baxmayaraq, bu günə kimi Ağcabədi texniki peşə məktəbinin binasında gənc müəllim kadrların hazırlanmasında köşkün kollektiv fəaliyyət göstərir. Xatırladıram ki, respublikada yeganə ali təhsil müəssisəsidir ki, tədris binası, tələbə yataqxanası yoxdur. İmkansız tələbələr məcburiyyətdən kirayə evlərdə yaşayırlar. İndiki dövrdə tədris binası olmayan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı - köçkün müəllim və tələbə kontingenti səbrsizliklə Xankəndində yaradılacaq Qarabağ Universitetində işləyəcəyi, təhsil alacağı günü gözləyir".
Faktinfo.az
Bu xəbər üçün şərh yazın