"Daşkəsən" dəmir filizi yataqları qrupunda geoloji tədqiqatlar davam etdirilir

"Daşkəsən" dəmir filizi yataqları qrupunda geoloji tədqiqatlar davam etdirilir 

“AzerGold” QSC-nin törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz” (DDF) MMC tərəfindən ölkəmizin ən böyük qara metal yataqları kompleksi olan “Daşkəsən” dəmir filizi yataqları qrupunun istismarı layihəsi çərçivəsində geoloji tədqiqatlar uğurla davam etdirilir.

Qurumdan Faktinfo.az-a verilən məlumatda bildirilir ki,ötən dövr ərzində yataqlar qrupuna daxil olan “Cənub-şərq” və “Şimal-qərb” yataqlarında aparılan geoloji kəşfiyyat işlərinin nəticəsi olaraq yerin təkində olan resurslarda 69.7 milyon ton artım əldə edilib. Bununla “Daşkəsən” dəmir filizi yataqları qrupu üzrə yerin təkində olan filiz ehtiyatlarının ümumi kütləsi 309.16 milyon tona çatdırılıb.

Növbəti mərhələdə Böyük Britaniyanın “Micon International” şirkəti tərəfindən “Cənub-şərq” və “Şimal-qərb” mədənləri üzrə açıq karxana üsulu ilə 21 illik istismar planı hazırlanıb. Geoloji tədqiqatlar çərçivəsində istismar müddətinin 25-30 ilə çatdırılması növbəti hədəf olaraq müəyyən edilib. Belə ki, “Cənub-şərq” və “Şimal-qərb” yataqlarının cinahlarında geniş geoloji kəşfiyyat işləri, daha 3 yataq – “Cənub-qərb”, “Dəmirov” və “Dardərə” yataqlarında isə ilkin kəşfiyyat-tədqiqat işləri həyata keçirilir.

Qeyd edək ki, “Daşkəsən dəmir filizi” layihəsi çərçivəsində mədənlərdən hasil ediləcək qara metal filizləri qarşıdakı illərdə inşası planlaşdırılan üçmərhələli istehsal zənciri üçün xammal kimi istifadə olunacaq. Belə ki, Daşkəsən rayonunda dəmir konsentratı istehsalı üçün Zənginləşdirmə zavodu, Göygöl rayonunda isə  aralıq məhsul olan pellet istehsalı və son məhsul olan HBI (isti briketləşdirilmiş dəmir/ hot briquetted iron) istehsalı zavodlarının qurulması nəzərdə tutulub. Bununla ölkədə təkrar emal edilən metal qırıntılarının yüksək keyfiyyətli xammalla əvəzlənməsi, metallurgiya sənayesinin idxaldan asılılığının azaldılması, həmçinin ixracyönümlü polad məhsullarının hazırlanması üçün artan tələbatın ödənilməsi hədəflənir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər