Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsindən şikayət edir,baxan yoxdur - VİDEO
Daşkəsən rayonunun Bayan kəndində yaşayan İmamverdiyev Məzahir İsmayıl oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub.
Sayt vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevə, Kənd Təsərrüfat naziri Məcnun Məmmədova və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Mən, 1999-ci il tarixdən Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsində sürücü işləmişəm. İşlədiyim müddətdə üzərimə qoyulan vəzifələri vicdanla və qanuna uyğun şəkildə həyata keçirmişəm. Rəhbərlərin öz səlahiyyəti hüququnda verdikləri göstərişləri hər zaman yerinə yetirmişəm. Yəni müəyyən edilmiş qulluq reqlamentinə riayət edir, idarə əməkdaşlarının işlərini çətinləşdirən, yaxud idarənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermirdim. Lazım gəldikdə rəhbərin göstərişi ilə əlavə iş görürdüm və etik davranış qaydalarına əməl edirdim.
2020-ci ildə Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Naibə Paşayeva məni səbəbsiz yerə işdən azad etdi. Mən bununla bağlı Daşkəsən Rayon Məhkəməsinə müraciət etdim və məhkəmə məni işə bərpa etdi. Bundan sonra 2021-ci ildə yeni təyin olunmuş Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Arzu Rüstəmov keçmiş rəis Naibə Paşayeva, Azər Tağıyev və onun anası Kifayət Bağırovanın məsləhətləri ilə məni yenidən səbəbsiz yerə işdən azad etdi. Mən də bununla bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etdim və məhkəmə məni yenidən işə bərpa etdi.
Lakin bu qərarla razılaşmayan rəhbərlik Apellyasiya Məhkəməsinə şikayət verdilər. Bakı Apellyasiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin çıxardığı qətnaməni qüvvədə saxladı. Bundan sonra mənə Azərbaycan Respublikası Kənd Təsarufatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən zəng eildərək, 28 noyabr 2022-ci il tarixdən Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsində işimə davam etməli olduğum bildirildi. Mən işimə qayıdaraq, eyni qaydada fəaliyyətimi davam etdirməyə başladım.
İdarənin rəisi Arzu Rüstəmov mənə qarşı əsəbi, qərəzli, kobud və qəzəbli davranırdı. Hətta mənim ünvanıma nalayiq ifadələr belə, işlədirdi. İşimə xatir dediklərini “eşitmirdim”.
Qeyd edim ki, 16-AA-032 dövlət qeydiyyat nişanlı UAZ markalı və 99-J0-862 dövlət qeydiyyat nişanlı “Qazel” markalı avtomobillər mənim üzərimdədir. Lakin həmin avtomobilləri mən istifadə etmirəm. Azər Tağıyev adlı işçi idarə edir. Yanacaq kartını isə kimin istifadə etdiyi məlum deyildir.
Bu hərəkətlər azmış kimi, 02 may 2024-ci il tarixdən işçilərin davamiyyət jurnalına imza etməyimə rəis Arzu Rüstəmov qadağa qoymuşdur. Bu məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin "1652" qısa nömrəsinə zəng edərək, məlumat vermişəm.
Dəfələrlə müraciət etsəm də Daşkəsən rayonunda şikayətimə baxan yoxdur. Ona görə ki, burada haqsızlıq baş alıb gedir, icra heç kəsin sözünü eşitmir. Ailə sahibiyəm, evdə uşaqların ehtiyaclarını ödəməliyəm, başqa gəlir yerim yoxdur.
Odur ki, bir daha yuxarıda göstərilənləri nəzərə alaraq, mənim barəmdə yol verilmiş qeyri-qanuni hərəkətlərdə təqsirli bilinən şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsini və mənə qarşı işdə yaradılan suni maneələrə son qoyulması barədə tədbirlər görməynizi Sizdən çox xahiş edirəm. Əvvəlcədən Sizə böyük minnətdarlığımı bildirirəm”.
Bu xəbər üçün şərh yazın