“David Seliverstov” fırıldağının pərdəarxası - Vəkil Səadət Vəliyeva ilə 90 min dollarlıq “məxfi” sövdələşmə

“David Seliverstov” fırıldağının pərdəarxası - Vəkil Səadət Vəliyeva ilə 90 min dollarlıq “məxfi” sövdələşmə 

Özünü cəmiyyətə “xeyriyyəçi” və “beynəlxalq hüquq müdafiəçisi” kimi sırımağa çalışan, əsl adı Kazım Abbasov olan “David Seliverstov”un “beynəlxalq konfransda iştirak” bəhanəsilə ölkədən qaçmasından 2 ay ötür. Ötən 60 gün ərzində üzə çıxan faktlar onun ətrafında qurulmuş böyük bir fırıldaq şəbəkəsinin üstünü açdı. Uydurma ad və vədlərlə insanların etibarından sui-istifadə edən, külli miqdarda vəsaitləri mənimsəyən bu şəbəkənin qurbanları pulunu tələb etdikdə isə təhdid və təhqirlərlə üzləşiblər.

Bu böyük maxinasiya zəncirinin ifşasında həlledici məqam isə hazırda həbsdə olan Müdafiə Nazirliyinin keçmiş məsul şəxsi Nizami Məmmədovun qardaşı Nəsimi Məmmədovun aldadılması faktı olub.

Vəkil “David Seliverstov”un ofisində nə gəzir?

WhatsApp Image 2026-10-04 at 17.55.30.jpeg (73 KB)

Skandalın mərkəzində dayanan əsas fiqurlardan biri Sumqayıt Regional Vəkil Bürosunun vəkili Səadət Vəliyevadır. Müdafiə Nazirliyinin keçmiş rəsmisi Nizami Məmmədovun hüquqlarının müdafiəsi adı altında qardaşı Nəsimi Məmmədovdan tam 90 min dollar (153 min manat) alınıb. 26 noyabr 2025-ci il tarixində “David Seliverstov”un ofisində, onun bilavasitə təşkilatçılığı və iştirakıyla vəkil Səadət Vəliyeva tərəfindən Nizami Məmmədovun hüquqlarının müdafiəsi adı ilə iki ayrı elektron vəkil orderi rəsmiləşdirilib.

№ EO-2066VK-50243/25 saylı order müdafiəçinin bütün dövlət orqanlarında və məhkəmələrdə təmsilçiliyini əhatə edir. Digər order (№ EO-2066VK-50245/25) isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (xüsusilə külli miqdarda mənimsəmə) üzrə işin Ali Məhkəmədə baxılması zamanı hüquqların müdafiəsini nəzərdə tutur.

Hər iki sənəd vəkil Səadət Vəliyeva tərəfindən elektron imza ilə təsdiqlənib. Lakin burada haqlı sual yaranır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan bir vəkilin fırıldaqçılıqda adı hallanan şəxsin ofisində nə işi var idi? 90 min dolların qarşılığında vəkil hansı addımları atmalı idi? Hansı maraqlar və öhdəliklər çərçivəsində bu müqavilələrə imza atılmışdı?

Ortada olan faktlar göstərir ki, “David Seliverstov” Nəsimi Məmmədovu tam 8 ay ərzində - 2025-ci ilin noyabrından 2026-cı ilin avqust ayının əvvəllərinə qədər faktiki olaraq aldadıb. Bu aylar ərzində müdafiə istiqamətində real iş görülməyib, Səadət Vəliyeva istintaq təcridxanasında saxlanılan Nizami Məmmədovla görüş belə keçirməyib.

Aldadıldığını anlayan Nəsimi Məmmədov 153 min manat pulunu geri tələb etdikdə isə “David Seliverstov” tərəfindən açıq təhdid, hədə-qorxu və söyüşlərlə üz-üzə qalıb. Çarəsiz qalan Nəsimi Məmmədov Hüquq Müdafiəçilərinin Monitorinq Qrupuna, xüsusən də tanınmış hüquq müdafiəçisi Çingiz Qənizadəyə müraciət edib.

Məhz bu müraciətdən sonra “David Seliverstov” panikaya düşərək Çingiz Qənizadəni və Monitorinq Qrupunu hədəf götürməyə başlayıb. “David Seliverstov” belə bir rəy formalaşdırmağa çalışırdı ki, Monitorinq Qrupu Nəsimi Məmmədovu yox, onun həbsdəki qardaşı Nizami Məmmədovu müdafiə edir. Faktiki olaraq isə Çingiz Qənizadə sırf aldadılmış Nəsimi Məmmədovun pozulmuş hüquqlarının bərpası, ondan mənimsənilmiş vəsaitin geri qaytarılması üçün rəsmi müraciətlər edirdi.

Monitorinq Qrupunun və Çingiz Qənizadənin prinsipial mövqeyi və hüquqi addımları nəticəsində “David Seliverstov” küncə sıxışdırılıb. O, Bakıdakı 2 əlaltısı - Şəlalə Əhliman qızı Hüseynova və digər bir şəxs vasitəsilə aldadaraq mənimsədiyi 153 min manat pulu son qəpiyinə qədər Nəsimi Məmmədova qaytarmağa məcbur olub.

Qaçqın “hüquq müdafiəçisi”nin iç üzü

Pulu qaytarmağa məcbur olsa da, törətdiyi əməllərin hüquqi məsuliyyətindən qorxan “David Seliverstov” - Kazım Abbasov bu gün də ölkədən kənarda gizlənir və qaçaq həyatı yaşayır. Özünü “hüquq müdafiəçisi” kimi qələmə verən birinin pərdə arxasında vəkillərlə məxfi sövdələşmələrə girməsi, insanları hədələməsi və yalnız ictimai ifşadan sonra pulları qaytarması onun əsl mahiyyətini bir daha sübut edir. Burada vəkillərin “David Seliverstov” maxinasiyalarındakı rolları da araşdırılmalıdır.

WhatsApp Image 2026-10-04 at 17.55.31.jpeg (33 KB)

Mövzunu diqqətdə saxlayırıq.

E.Məmmədəliyev
Musavat.com

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər
⇪