Deputat Nyu-Yorkdakı villası üçün 28 min dollardan çox əmlak vergisi ödəyir? - Fotolar
70 saylı Masallı şəhər seçki dairəsindən deputat seçilən Məşhur Məmmədov 2017-ci ildə ABŞ-ın Nyu-York şəhərində satın aldığı ev üçün hər il 28 min dollardan çox əmlak vergisi ödəməlidir.
Yeniavaz.com xəbər verir ki, Məşhur Məmmədovun satın aldığı ev Nyu-Yorkun ikinci ən böyük parkı hesab olunan “Hudson River Park”a yaxın ərazidə yerləşir. Deputatın villası Hudson çayından təxminən 1 km nəsafədədir.
Millət vəkili “335 Riverdale Dr Fort Lee, NJ 07024-4441” ünvanında yerləşən villanı 2017-ci ilin yanvar ayının 27-də də “335 Riverdale Dr LLC” şirkətindən 1 milyon 140 min dollara satın alıb. Villa 2009-cu ildə inşa olunub. Ümumi sahəsi 3 844 kv. fut (357 kv. metr) olan villa 3 mərtəbəlidir.
ABŞ və dünyanın ən böyük daşınmaz əmlak şirkətlərindən biri olan “Zillow Group”un məlumatlarında göstərilir ki, “335 Riverdale Dr Fort Lee, NJ 07024-4441” ünvanında yerləşən villanın hazırkı bazar dəyəri 1 milyon 670 min dollar, aylıq kirayə qiyməti isə 8 450 dollara bərabərdir.
Qeyd edək ki, hazırda həmin villada millət vəkilinin 1994-cü il təvəllüdlü oğlu Məmməd Şahbazov və 1991-ci il təvəllüdlü qızı Mədinə Şahbazova yaşayır.
Deputatın oğlu Məmməd Şahbazov 2022-ci ilin aprel ayının 20-də ABŞ-da “Masalli Enterprise LLC” adlı şirkət təsis edib. Məmməd Şahbazov uzun illərdir ABŞ-da yaşayır. Deputatın oğlu 2013-2017-ci illərdə ABŞ-ın Konnektikut Universitetində bakalavr, 2017-2019-cu illərdə isə Nyu-York Universitetində magistr təhsili alıb.
Onu da bildirək ki, Məşhur Məmmədov 2002–2009-cu illərdə “Embawood” MMC-nin direktoru, 2009–2011-ci illərdə “Embawood İnşaat” MMC-nin direktoru, 2011–2014-cü illərdə “Embawood” MMC-nin baş direktorunun birinci müavini, 2014–2020-ci illərdə “Progress Construction” MMC-nin direktoru vəzifələrində çalışıb. Hazırda Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədridir.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın