"Deputatların çoxu əsgərlikdə olmayıb, olanlar da 365 gün sızıldayıb" -

"Deputatların çoxu əsgərlikdə olmayıb, olanlar da 365 gün sızıldayıb" - İLGİNC İDDİALAR...

"Hərbçilərin xidmət dövrünün artırılması mənfi haldır. "Hərbçi niyə 45 yaşında pensiyaya çıxmalıdır" fikrini səsləndirənlər gəlib hərbçilərlə 1 ay eyni rejimdə yatıb-dursalar yaxud tapşırıqları yerinə yetirsələr, yəqin ki, bundan sonra onlar bu sözü bir daha dillərinə gətirməzlər".


Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

O, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (MAXE), gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi 45-dən 48-ə artırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Öz növbəsində, polkovnik əlavə edib ki, hərbçi nə bayram, nə bazar, nə də rahatlıq bilir:

"Hərbçi üçün saat anlayışı yoxdur. Əgər mülki şəxs əmək müqaviləsi ilə işləyirsə, hərbçi vətəninə xidmət edir:

“Vətən ona əmr etsə ki, get səngərə, səngərə gedəcək, yaxud əmr etsə ki, get düşmən üstünə, düşmən üstünə də gedəcək. Hansı müəllim düşmən üstünə gedib? Hərə öz peşəsini seçib. Əgər müəllim öz peşəsini seçibsə, o niyə hərbçiyə rişxənd etməlidir ki, hərbi qulluqçu 45 yaşında pensiyaya çıxır? Müəllimi hərbçi müdafiə edir. Hərbçi onu müdafiə etməsə, müəllim işləyib ailəsini dolandıra, yaşaya bilər?!”

Onun sözlərinə görə, bu gün Milli Məclisdə 99% hərbidən uzaq olan adamlar var:

“Bu təklifi verən adamlar çox məsuliyyətsiz davranıblar. Çünki bundan sonra hərbiyə maraq azalacaq. Əvvəllər insanlar deyirdilər ki, gedib 20 il xidmət edəcəyəm, sonra da pensiyaya çıxacağam. Bu amil dünyada elmi tədqiqatlar və tibb elmi sahəsində sübut olunmuş bir faktdır ki, 20 il insan orqanizmi davamlı şəkildə dözür və onu keyfiyyətli şəkildə yerinə yetirməyə imkan yaradır.

İndi nə etmək istəyirlər? 5 il xidmət dövrünü artırmaqla niyə gözə soxurlar ki, 65% pensiya alacaqsınız? Mən bununla bağlı müsahibəmdə söyləmişəm ki, “nə edirəm o qızıl teşti ki, içinə qan qusum?!” Mən guya sabah pul qazanacağam, amma o 5 il də 5 ildir və elə-belə deyil, çünki o 5 ilə mənim sağlamlığım tam sıradan çıxacaq. Bu, ona bənzəyir ki, əgər bir təyyarənin uçuş limiti 1000 saatdırsa, biz onu 2000 saat sürsək, o, istənilən an qəzaya uğraya bilər”.

Hərbi ekspertin fikrincə, hərbçilərlə bağlı bu cür yanaşmalar kökündən yanlışdır:

“Çox təəssüf ki, bugünkü parlamentdə və idarəetmədə olanlar hərbinin nə olduğunu anlamaq istəmirlər. Lakin bunlar mənim üçün təəccüblü deyil. Çünki bu, həmin Milli Məclisdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səriştəsiz rəhbərliyinin təklifi ilə hərbçiləri 1 səsvermə ilə pensiyaya əməkçi etdilər. Dünyada analoqu olmayan bir şeydir ki, xidmət edən adamı etdilər əməkçi. Ümumiyyətlə, heç bir halda bu tendensiya hərbi xidmətə uyğun gəlmir”.

O, xatırladıb ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanun var:

“Bütün dünyada belədir ki, harada hərbi varsa, o, hərbçiyə aid olan konkret qanunla tənzimlənir. İndi isə ideya irəli sürüblər ki, MAXE-lər 45-dən 48 yaşa, hərbi qulluqçular 20 ildən 25 ilə xidmət keçməlidir və s. Bir neçə ildən sonra biz yenə də qanunu dəyişməli və geriyə addım atmalı olacağıq”.

“Mənim üçün artıq heç nə təəccüblü deyil. Məsələn, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi bu günə qədər 5 qurum dəyişibsə, indi də hərbi üzərində “dəlləklik” edirlər. Olmaz belə bir şey! Hərbi qorunmalı və hərbini yalnız hərbçi başa düşməlidir. Təəssüf edirəm ki, bu cur yanaşma var. Bunlar hərbi xidmətin nüfuzunu aşağı salacaq. Deputatların çoxu heç əsgərlikdə olmayıb. Xidmətdə olanlar da 365 gün sızıldayıb ki, xidmətim nə vaxt qurtaracaq? Hələ mən 1 ili deyirəm, lakin burada söhbət 20 ildən gedir. 20 il bu insan nə bazar, nə bayram, nə seyran bilir, növbəyə gedir, poliqonda yaşayır və s.

İndi deyə bilərlər ki, Qarabağ məsələsi qurtarıb. Doğrudur, qurtarıb, amma bu gün də ölkənin şimalında və cənubunda bizi hər an peşman etmək istəyən qüvvələr var. Ona görə də bu məsələdə son dərəcədə diqqətli olmalıdırlar. Onlar güc strukturlarından maraqlanmalıdırlar ki, neçə min insan ordudan getmək haqqında raport yazıb. Yəqin ki, ondan sonra başa düşərlər ki, bu məsələ kökündən yanlışdır”, - fikirlərini yekunlaşdırıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər