Dəri-zöhrəvi həkimi Londona 300 min dollar göndərdi...- Bakıda film kimi cinayət
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Həsənovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Samir Həsənov barəsində seçilniş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə iclas zalından dərhal azadlığa buraxılıb.
İttihama görə, Samir Həsənov tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan Fuad adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, tanışı zərərçəkmiş Rəşad İsmayılovu aldadıb.
Belə ki, o, guya özünün Dövlət Təhlükəsizliyi Xidmətinin, “İnterpol”un Bakı ofisinin əməkdaşlarının əlaqələrindən istifadə edərək 1 saylı Şəhər Dəri-zöhrəvi Dispanserinin baş həkimi olmuş Rəşad İsmayılovun 2014-2016-cı illərdə “Pepsi-Cola” şirkətindən pay qazanmaq adı ilə London şəhərində yaşayan şəxsiyyəti məlum olmayan Gerard Raju adlı şəxsin bank hesabına Bakı şəhərində “Vestern Union” pul köçürmə xidməti vasitəsi ilə köçürdüyü 300 000 ABŞ dollar pul vəsaitinin zərəçəkmişə geri qaytarılmasına köməklik edəcəyini yalandan vəd edib. Samir Həsənov 2018-ci ilin fevral ayından etibarən müxtəlif vaxtlarda Rəşad İsmayılovdan ümumilikdə 60 650 manat məbləğində pul alaraq ona qarşı dələduzluq edib.
Məhkəmə iclasında dindirilən Samir Həsənov elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Rəşad İsmayılovu aldatmaq və pulunu ələ keçirmək niyyəti heç vaxt olmayıb. Onun sözlərinə görə, təxminən 2018-ci ildə bir gün dostu ilə birlikdə Rəşadın yanına gedib və həmin vaxt iş üzrə zərərçəkmiş qismində tanınan şəxs ondan bir nəfəri tapmaqda köməklik göstərməsini xahiş edib. Həmin şəxsin tapılması müqabilində Rəşad ona hissə-hissə ümumilikdə 18 000 manat pul verib. Sonra ondan şikayət edildiyi üçün Rəşadla görüşüb aldığı pulu tam şəkildə qaytarıb.
Verilən sualları cavablandıran təqsirləndirilən şəxs bildirib ki, Fuadın axtarışı ilə bağlı Rəşaddan pulları 200, 300 və 500 manat olmaqla hissə-hissə alıb. Rəşad ona müxtəlif hədiyyələr də verib. Fuadın axtarışı ilə bağlı Rəşad ona təxminən 17 000-18 000 manat pul verib və həmin 18 000 manatı tam qaytarıb. Sonradan Rəşad isə ona Fuadın ondan 100 000 manat pul aldığını deyib.
Məhkəmə iclasında dindirilən zərərçəkmiş Rəşad İsmayılov qeyd edib ki, 2014-cü ildə internetdə onun elektron poçt ünvanına Gerard Raju adlı şəxsdən məktub gəlib, ona guya “Pepsi” şirkətinin keçirdiyi müsaqibədə qalib gəldiyi üçün uduş kimi 1 milyon funt sterling məbləğində pul veriləcəyi bildirib. Bu yolla həmin Gerard Raju adlı şəxs onu inandırmağa nail olub, guya həmin pulu almaq üçün ondan gömrük pulu, antiterorizm pulu, məhkəmədə leqallaşma rüsumu kimi və sair adlarla 300 000 ABŞ dolları miqdarda pul vəsaitini alıb. Rəşad həmin pulları 3 il müddətində, yəni 2014-2016-cı illər ərzində bank vasitəsi ilə Gerard Raju adlı şəxsə London şəhərində fəaliyyət göstərən banklardakı hesablara köçürüb. Lakin o, 2016-cı ilin iyul ayında aldanıldığını və köçürdüyü pulun müqabilində heç bir pulun ödənilmədiyini başa düşüb. 300 000 ABŞ dollarının bir hissəsini onun özü Gerard Raju adlı şəxsin internetdə ona yazdığı hesablara, yəni London şəhərində fəaliyyət göstərən banklarda olan tanımadığı müxtəlif şəxslərin hesablarına, eləcə də “Vestern Union” pul köçürmə xidməti vasitəsi ilə öz adından və bir neçə işçilərinin adından Londan şəhərinə birbaşa Gerard Raju adlı şəxsin adına göndərib.
Belə ki, bir nəfərin adından bir gündə yalnız bir dəfə və yalnız 1 000 ABŞ dolları miqdarda pul vəsaitinin göndərilməsinə icazə verildiyindən, o, məcbur olub rəhbəri olduğu dispanserdə çalışan işçiləri onunla birlikdə banka apararaq hər biri öz adından onun tərəfindən təqdim olunmuş 500-1 000 ABŞ dolları arası pul vəsaitlərini Gerard Raju adlı şəxsin adına göndərmələrini xahiş edib. Bununla da, o, guya “Pepsi” şirkəti tərəfindən uduş qismində veriləcək 1 000 000 funt sterlinq məbləğində pul vəsaitini əldə etmək məqsədi ilə London şəhərində yaşayan Raju Gerard adlı şəxsin bank hesabına 300 000 ABŞ dolları miqdarda pul vəsaitini bank vasitəsi ilə köçürüb. Lakin həmin şəxs heç bir iş görməyib göstərilən pulları mənimsəməklə ona qarşı dələduzluq edib. Buna görə də, o, həmin pul vəsaitinin əldən çıxdığını anladıqdan sonra müəyyən vasitələrlə pulun qaytarılmasını təmin etməyə çalışıb.
2018-ci ilin fevral ayında dispanserdə müalicə olunan tanışı vasitəsi ilə Samir Həsənovla tanış olub. Samir həmçinin ona, guya Fuad adlı şəxsin Dövlət Təhlükəsizlik Xidmətində işləyərək məhz bu kimi pulların geri qaytarılması ilə məşğul olduğunu bildirib. O da digər alternativ variantları olmadığından Samirin təklifi ilə razılaşıb.
Rəşad ismayılovun sözlərinə görə, təqsirləndirilən şəxs və Fuad adlı şəxsin onun İngiltərəyə köçürdüyü 300 000 manat pulununun geri qaytarılması müqabilində onu aldatmağa nail olduqlarını və ondan ümumilikdə 60 650 manat məbləğində pul aldıqlarını, şikayətindən sonra ona 3 600 manat pul qaytarıldığını, qalan 57 650 manat pulun isə hələ də qaytarılmadığını deyib.
Qeyd: Rəşad İsmayılov 2021-ci ildə dələduzluqda təqsirli bilinib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Bu xəbər üçün şərh yazın