Dollar satışında 8 ilin rekordu təzələndi – Neft Fondu 5.7 milyardı “əridib”; nə gözlənilir?

Dollar satışında 8 ilin rekordu təzələndi – Neft Fondu 5.7 milyardı “əridib”; nə gözlənilir? 

Dövlət Neft Fondu 9 ayda 5.7 milyarddan çox dollar satıb. Bu, ən azı son 8 ilin ən yüksək göstəricisidir.

Bu barədə iqtisadçı Samir Əliyev məlumat verib. Onun sözlərinə görə, son dəfə 2020-ci ildə belə yüksək məbləğdə (5.6 milyard) dollar satışa buraxılmışdı. İqtisadçı bildirib ki, bu dövrdə Fondun dövlət büdcəsinə transfertinin həcmi də ən yüksək həddə olub. “Dollar satışının yüksək olması transfertin həcminin yüksək olması ilə bağlıdır”, - o vurğulayıb.

Qeyd edək ki, 2023-cü ilin 9 ayında ARDNF-ın banklararası valyuta birjasında dollar satışının həcmi bu ilki göstəricilərlə müqayisədə təxminən 2.5 dəfə az – 2 milyard 102 milyon dollar olub.

Cari ilin son rübündə dollar satışının daha da artacağını proqnozlaşdırmaq mümkündür. COP29 beynəlxalq iqlim konfransı ilə əlaqədar xərclər, habelə büdcə öhdəliklərinin yerinə yetirilməsi, o cümlədən, bankların və digər maliyyə təşkilatlarının xarici öhdəliklərini qarşılaması dollara tələbat yaradır. Bu tendensiya neft hasilatının sürətli aşağı düşməsindən dolayı ölkənin valyuta gəlirlərinin azalması fonunda ciddi problemlər yarada bilər. Nəzərə alsaq ki, aparıcı enerji şirkətlərinin və bankların bu ilin sonu və gələn ildə dünya iqtisadiyyatında durğunluq, neftə tələbatın kəskin azalması səbəbindən neftin ucuzlaşması barədə proqnozları da ümidsizliyi artırır. Azərbaycan ixracatının və gəlirlərinin əhəmiyyətli hissəsi ilə bağlı neqativ proqnozlar hökuməti ehtiyatlı büdcə, valyuta siyasəti yürütməyə vadar edir./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi