Dövlət maraqlarımız bütün maraqların fövqündə dayanır

Dövlət maraqlarımız bütün maraqların fövqündə dayanır 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkəmizə səfəri bir neçə məqamı ilə əlamətdar idi.

Rusiya dövlət başçısının özünün də etiraf etdiyi kimi, bu səfər Ukrayna ilə münasibətlərdə böhranın  dərinləşdiyi dövrə təsadüf etdi. Qərblə geosiyasi qarşıdurmanın Rusiya üçün yaratdığı təhlükə və çətinliklərin miqyasına baxmayaraq, səfər göstərdi ki, şimal qonşumuz Cənubi Qafqazdakı maraqlarını qorumaq niyyətindədir. Prezident Vladimir Putinin Bakıda verdiyi növbəti bəyanat Rusiyanın hədəflərinə kifayət qədər aydınlıq gətirir: “Aydındır və hamıya yaxşı məlumdur ki, Rusiya, o cümlədən Ukrayna istiqamətində böhranlarla üzləşir, amma Rusiyanın Cənubi Qafqazda vəziyyətdə tarixi iştirakı son bir neçə ildə bizə bu hadisələrə cəlb olunmağın vacibliyini diktə edir, əlbəttə, tərəflərin lazım bildiyi hissədə”.

 

Prezident İlham Əliyev ev sahibliyi edən ölkənin şəksiz Lideri olaraq dünyaya bu mesajı verdi ki, Azərbaycan beynəlxalq münasibətlərin müstəqil subyekti kimi geosiyasi rəqabətdə olan bütün tərəflərlə bərabərhüquqlu əlaqələrin qurulmasında maraqlıdır. Digər tərəfdən, Rusiya Prezidentinin ölkəmizə dövlət səfərinin gerçəkləşməsi ilə dünya ictimaiyyəti ona da şahid oldu ki, bir-biri ilə geosiyasi rəqabət aparan tərəflərin kəskin maraq toqquşmasına  və bundan irəli gələn təzyiqlərə baxmayaraq, Azərbaycan hakimiyyəti atdığı bütün addımlarda dövlətimizin mənafeyindən çıxış edir. Geosiyasi rəqabətin iştirakçılarından biri olan Avropanın özü də artıq etiraf edir ki, Azərbaycan onun enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin Rusiya dövlət başçısının iştirakı ilə mətbuata bəyanatında səsləndirdiyi növbəti fikir isə onu nümayiş etdirdi ki, Azərbaycan hazırda olduğu kimi, gələcəkdə də yalnız dövlətimizin maraqlarından çıxış edəcək: “Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır”.

 

 Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər və ünvanladığı mesajlar bir daha  təsdiq etdi ki, ölkəmiz dövlətlərarası münasibətlərdə etibarlı tərəfdaş mövqeyinə  və beynəlxalq əlaqələrin müstəqil subyekti kimi üzərinə götürdüyü bütün öhdəliklərə sadiqdir. Bununla yanaşı, Prezident Vladimir Putinin səfəri ilə bağlı beynəlxalq mediada və bəzi siyasi mərkəzlərdə iyrənc spekulyasiyaların aparılacağı, Azərbaycana qarşı növbəti qərəzli hücumların təşkil ediləcəyi əvvəlcədən gözlənilən idi. Bu baxımdan, Brüsselin “EUobserver” portalında Avropa Komissiyasına (AK) istinadən yayılan məlumat, ilk baxışdan, sülhə çağırış qənaətini yaratmağa hesablansa da, əslində, obyektiv yanaşma və dəyərləndirmədən çox-çox uzaqdır. Həmin məlumata əsasən, Avropa İttifaqı (Aİ) yalnız Azərbaycan hakimiyyətinə çağırış edir ki, COP29 ərəfəsində Ermənistanla sülh sazişini imzalasın. Halbuki Aİ-nin məsul şəxsləri yaxşı bilirlər ki, Konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan, eləcə də beynəlxalq qurumlarda qaldırdığı işlərdə ölkəmizin suverenliyini şübhə altına alan ölkə məhz Ermənistandır. Buna baxmayaraq, nə Aİ, nə də bu cür təşkilatları təlimatlandıran aparıcı ölkələrdən heç biri Ermənistana nəinki irad tutmur, əksinə, bəziləri onu açıq-aşkar hücum silahları ilə silahlandırmaqla məşğul olur. Elə buna görə də Azərbaycan cəmiyyəti haqlı olaraq sual edir: Ermənistan öz qanunvericiliyində ölkəmizə qarşı ərazi iddialarını nəzərdə tutan normaları ləğv etmədən, beynəlxalq qurumlardakı uydurma iddialarından əl çəkmədən və nəhayət, Azərbaycanla sülh müqaviləsini imzalamadan, onu kimə qarşı silahlandırırlar?

 

Nə qədər absurd görünsə də, sözdə sülhə çağırış edən bəzi siyasi mərkəzlər Ermənistanın cığallığına, hər zaman olduğu kimi, bu gün də göz yumur, Azərbaycanın haqlı tələblərini isə təhdid və müharibəyə hazırlıq kimi qələmə verməyə çalışırlar. Hələ də görməzdən gəlirlər ki, müharibədən sonra üzərinə götürdüyü öhdəliklərin icrasından, o cümlədən Zəngəzur dəhlizini açmaqdan yayınan ölkə yenə də Ermənistandır. Baxmayaraq ki, sülh müqviləsinin imzalanması üçün Azərbaycanın əsas tələbi Ermənistanın “daxili iş” iddiası ilə heç bir əlaqəsi olmayan, Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarını nəzərdə tutan müddəaların ləğvi və özünü çoxdan tükətmiş Minsk qrupunun “xidmətlərindən” qarşılıqlı şəkildə imtina olunması ilə bağlıdır. Lakin beynəlxalq müstəvidə riyakarlıq elə iyrənc həddə çatıb ki, yenidən vasitəçilik eşqinə düşən bəziləri buna da fikir vermir,  ölkəmizin haqlı tələblərinə müxtəlif bəhanələrlə kölgə salmağa çalışırlar.  

 

Həmin siyasi mərkəzlər Azərbaycan Prezidentinin mesajlarında əks olunan reallıqla, o cümlədən ölkəmizin Cənubi Qafqazdakı bugünkü siyasi çəkisi ilə nə qədər tez barışsalar, bölgəmizdə cızmaq istədikləri təhlükəli ayırıcı xətlərdən-bölücülük siyasətindən nə qədər tez imtina etsələr, sülhə və regional sabitliyə əməli töhfə vermiş olarlar. Zənnimcə, belələrinə, ilk növbədə,  Ermənistanın himayədarlarına ən tutarlı mesaj Rusiya Prezidentinin şərəfinə nümayəndə heyətinin iştirakı ilə verilən rəsmi ziyafət zamanı ekranlarda yayımlanan Qarabağ və Şərqi Zəngəzurdan, xüsusilə Şuşadan olan möhtəşəm görüntülər idi. O görüntülər ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin artıq bərpa olunduğunu, xalqımızın və müstəqil Azərbaycan dövlətinin Haqq savaşından qalib çıxdığını bütün dünyaya nümayiş etdirdi.

 Ülvi Quliyev,                                                                            

15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi