Elektron dövlət mühitində Azərbaycan dilinin ekosisteminin yaradılması müasir dövrün tələbidir

Elektron dövlət mühitində Azərbaycan dilinin ekosisteminin yaradılması müasir dövrün tələbidir 

Milli dillərin, xüsusən də dövlət dili statuslu dillərin inkişafı, nitq mədəniyyətinin yüksək olması cəmiyyətin firavanlıq səviyyəsinin göstəricisidir.

Çünki dil təkcə təfəkkürü əks etdirmir, həm də onu formalaşdırır, davranışı, şəxsiyyətlərarası və korporativ münasibətləri tənzimləyir.

Bu barədə ETN İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında institutun dissertantı, texnika üzrə fəlsəfə doktoru İsmayıl Sadıqov “Elektron dövlət mühitində Azərbaycan dilinin ekosisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsi”  mövzusunda dissertasiya işinə dair çıxışı zamanı məlumat verib.

“İnformasiya texnologiyalarının təsiri ilə sürətlə qloballaşan müasir dünyada milli dillərin qorunması aktual məsələlərdən birinə çevrilmişdir” – deyən məruzəçi e-dövlət platformasında Azərbaycan dilinin qorunması və inkişafı məsələlərinin araşdırılmasının prioritet tədqiqat istiqamətlərindən biri olduğunu qeyd edib. Bildirib ki, dissertasiya işinin əsas məqsədi informasiya texnologiyalarının təsiri ilə sürətlə  qloballaşan müasir dünyada milli dillərin qorunması problemlərinin elmi təhlilinin verilməsi və e-Dövlət mühitində Azərbaycan dilinin ekosisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsidir.

Dissertasiya işi çərçivəsində qarşıya qoyulan məsələləri diqqətə çatdıran İ.Sadıqov Azərbaycan Dilinin Milli Korpusunun verilənlər bazasının strukturunun qurulması və Korpusun yaradılması üçün onun tam funksional prototipinin hazırlanması, Azərbaycan dilində mətnlərin oxunabilirliyinin qiymətləndirilməsi üçün mövcud oxunabilirlik düsturlarının işlənməsi istiqamətində tədqiqatların davam etdirilməsi və s. ilə bağlı məlumat verib. Əlavə edib ki, e-dövlət mühitində Azərbaycan dilinin təhdidlərə dayanıqlı ekosisteminin yaradılması, e-dövlət mühitində Azərbaycan dilinin tədrisi və dil biliklərinin qiymətləndirilməsi texnologiyalarının işlənməsi də qarşıda duran vəzifələrdəndir.

Daha sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək məruzənin olduqca aktual məsələyə həsr olunduğunu, Azərbaycan dilinin istifadə olunması, düzgün tətbiq olunması, qorunması və inkişaf etdirilməsi, eləcə də dildən kütləvi istifadənin təmin edilməsinin dövlət siyasətinin əsas priortetlərindən olduğunu bildirib.

Akademik Rasim Əliquliyev elekron dövlət platformasında süni intellektdən, İKT-dən istifadə edərək Azərbaycan dili servislərinin yaradılmasının vacibliyini önə çəkib: “Hər bir vətəndaş Azərbaycan dilini öyrənmək, inkişaf etdirmək, öz qrammatik və leksik biliklərini onlayn formada yoxlamaq imkanına malik olmalıdır”.

Azərbaycan dilinin müxtəlif aspektlərinə aid olan rəqəmsal resursların e-dövlət mühitinə inteqrasiya olunmadığını nəzərə çatdıran alim, Azərbaycan dili üçün milli, korporativ və fərdi dil korpuslarının işlənilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin İKT-nin tətbiqi ilə Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsi üçün yeni mexanizmlərin işlənilməsinin zəruri olduğunu qeyd edib. Akademik IV Sənaye İnqilabı və süni intellektin gətirdiyi reallıqlar kontekstində təbii dilin emalı metodlarının Azərbaycan dilinə tətbiq olunmasının vacib olduğunu diqqətə çatdırıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi