Əli bəy Hüseynzadənin anadan olmasının 160 illik yubileyi münasibətilə kitab sərgisinin açılış mərasimi keçirilib - FOTOLAR
Milli Kitabxanada görkəmli mütəfəkkir yazıçı, alim, publisist və ədəbiyyat tənqidçisi Əli bəy Hüseynzadənin anadan olmasının 160 illik yubileyi münasibətilə kitab sərgisinin açılış mərasimi keçirilib.
Faktinfo.az xəbər verir ki,23 fevral tarixində Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə XX əsr Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, türkçülük məfkurəsinin böyük carçısı, tanınmış ədib, publisist, maarifçi, rəssam və təbabət alimi Əli bəy Hüseynzadənin anadan olmasının 160 illik yubileyi ilə əlaqədar kitab sərgisinin açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Səadət xanım Yusifova, Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli və tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.
Qonaqları salamlayaraq tədbiri açan Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi böyük maarifçi, ziyallı, yazıçı Əli bəy Hüseynzadənin XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış Azərbaycan xalqının, millətininin inkişafı və tərəqqisi üçün əlindən gələni etdiyini və müasirlərinin onun fəaliyyətini yüksək qiymətləndirərək onu “Qafqaz müsəlmanlarının atası” adlandırdığını qeyd edib. Əli bəyin Mirzə Fətəli Axundzadənin, Həsən bəy Zərdabinin maarifçilik ideyasını davam etdirdiyini və həyat qəzetində çalışarkən türk, türkçülük haqqında yazdığı “Türklər kimdir”, “Biz tat deyilik, biz türkük” və s. haqqında geniş məqalələr dərc etdiyini diqqətə çatdıran Ədibə İsmayılova Əli Bəy Hüseynzadənin ideyalarının daim müasir olduğunu və bugünkü günümüz ilə də səsləşdiyini söyləyib.
Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Səadət xanım Yusifova tədbir iştirakçılarını salamlayaraq Əli Bəy Hüseynzadənin Azərbaycan və bütövlükdə türk dünyasının milli özünüdərkində, türk dünyasının formalaşmasında müstəsna xidməti olan bir şəxsiyyət olduğunu vurğulayıb. Və qeyd edib ki, Əli bəy Hüseynzadə zamanın böyük düşüncə adamı olub, avropa fəlsəfəsinin doğurduğu modernləşmə ideyalarını birləşdirərək XX əsrin əvvəllərində Azərbaycan və türkçülük idealogiyasının bünövrəsini qoymuşdur.
Ədəbiyyat qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan Əli bəy Hüseynzadənin müasir modern rəssamlığının banisi olduğunu, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının yaradıcısı və Azərbaycan cümhuriyyəti ideyalarını çıxaran, eyni zamanda türk dünyasında ilk dəfə türklər kimdir və kimlərdən ibarətdir sualına cavab verən pərdənin arxasındakı adam olduğunu qeyd edib.
Ədəbiyyat İnstitutu Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İslam Qəribli çıxışında Əli bəy Hüseynzadənin füyuzat məcmuəsində çap etdirdiyi ədəbi-bədii, elmi məqalələrindən danışıb. Əli bəy Hüseynzadə böyük siyasətçi, jurnalist, ideoloq, filosof olmaqla yanaşı, həm də rus, avropa, alman və türk ədəbiyyatını mükəmməl bilən şair, tərcüməçi, həm də həkim olduğunu qeyd edərək ədibin zəngin, çoxcəhətli fəaliyyətindən geniş bəhs edib.
Nizami adına Ədəbiyyat İnstitutunda “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elnarə Akimova Əli bəy Hüseynzadənin publisistikasından danışıb qeyd edib ki, Əli bəy həm də uşaq ədəbiyyatı yönündə bir xiridar, mücadiləçi olubdur. Əsası 1908-ci ildə qoyulmuş “Səadət” məktəbində onun uşaq ədəbiyyatı dərslikləri və ana dilli kitabları, oxu nümunələrinin necə olmağını, necəliyini yazdığı məqalələrində ortaya qoyduğunu nəzərə çatdırıb. Elnarə Akimova onu da qeyd edib ki, bu gün Zəngəzur dəhlizinə gedən yolda bizə yalnız və yalnız Əli bəy Hüseynzadənin ideyaları işıq tuta bilər.
Əlyazmalar İnstitutunun "Şəxsi arxivlərin tədqiqi" şöbəsinin böyük elmi işçisi Aytən İmanova Əli bəy Hüseynzadənin siyasi fəaliyyətinə toxunub, Əli bəyin İstanbul Tələbə Cəmiyyətinə avropa ədəbiyyatını tanıtmağından bəhs edib.
Sonda XX əsr Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, mütəfəkkir yazıçı, publisist, tənqidçi, alim Əli bəy Hüseynzadə haqqında Milli Kitabxananın hazırladığı “Böyük maarifçi Əli bəy Hüseynzadə” adlı virtual rəsginin təqdimatı və “Əli bəy Hüseynzadə -160” adlı ənənəvi kitab sərgisi ilə tanışlıq olub, xatirə şəkilləri çəkilib.
Bu xəbər üçün şərh yazın