
Elman Nəsirov: “Rusiya türk dövləti deyil, TDT-nin tamhüquqlu üzvü olmamalıdır”
“Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev 30 oktyabr 2026-cı ildə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) sammitində Rusiyanın “TDT+” formatına qoşulmasının və ya müşahidəçi statusu almasının nəzərdən keçirilməsini təklif edib. O bunu Rusiyanın türk dünyası ilə tarixi əlaqələri, ərazisində çoxsaylı türk xalqlarının yaşaması və təşkilatın beynəlxalq nüfuzunun artırılması ilə əsaslandırıb. Hələlik bu barədə qəbul edilmiş qərar yoxdur. Rusiya TDT-yə tam üzv ola bilərmi? Hüquqi-siyasi baxımdan çox problemli görünür. TDT məhz ortaq türk tarixi, dili və mədəniyyəti əsasında türk dövlətləri arasında əməkdaşlıq üçün yaradılıb. Hazırkı tam üzvlər Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. Rusiya isə türk dövləti deyil. Onun ərazisində çoxsaylı türk xalqlarının – tatarların, başqırdların, saxaların və başqalarının yaşaması Rusiyanı avtomatik olaraq türk dövləti etmir. Bu səbəbdən, məncə, tam üzvlük TDT-nin mahiyyətini və ideoloji əsasını dəyişə bilər”.
Faktinfo.az xəbər verir ki,bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Nəsirov deyib.
Deputat Rusiyanın "TDT+"a Rusiyanın müşahidəçi kimi qatılmasını isə belə analiz edib: “Müşahidəçi statusu mümkündürmü? Zənnimizcə, nəzəri və siyasi baxımdan daha mümkün variant kimi nəzərdən keçirilə bilər. Onsuz da TDT-də Macarıstan müşahidəçidir və Macarıstan türk dövləti deyil. Türkmənistan və Şimali Kipr Türk Respublikası da müşahidəçi statusuna malikdir, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatı müşahidəçi təşkilatdır. Bu fakt göstərir ki, müşahidəçi formatı tam üzvlükdən daha elastik siyasi mexanizmdir. Amma burada ən vacib məsələ budur ki, müşahidəçi olmaq başqa, təşkilatın qərarlarına və strateji istiqamətinə təsir etmək başqa şeydir. Əsas narahatlıq Rusiyanın imperiya maraqları ilə bağlı ola bilər. Bu narahatlıq üçün müəyyən əsaslar vardır. Tarix göstərir ki, Rusiya pos-tsovet məkanını ənənəvi olaraq özünün xüsusi geosiyasi təsir zonası hesab edib. TDT-nin üzvlərinin böyük hissəsi isə məhz postsovet məkanında yerləşir. Burada paradoks yaranır: TDT türk dövlətlərinin siyasi, iqtisadi, nəqliyyat və mədəni baxımdan bir-birinə daha sıx bağlanması üçün yaradılıb. Rusiya isə həmin məkanın əsas geosiyasi güc mərkəzlərindən biridir”.
E.Nəsirovun sözlərinə görə, əgər Moskva təşkilata çox geniş səlahiyyətlərlə daxil olarsa, belə suallar meydana çıxa bilər: “TDT-nin müstəqil siyasi xəttinə təsir göstərəcəkmi? Türk dövlətləri arasındakı inteqrasiya prosesini öz maraqlarına uyğunlaşdırmağa çalışacaqmı? Orta Dəhliz layihələrinə münasibəti necə olacaq? TDT-nin Mərkəzi Asiya–Cənubi Qafqaz–Türkiyə xətti üzrə müstəqil iqtisadi və nəqliyyat məkanına çevrilməsinə maneə yaranacaqmı? Bunlar dəqiq cavabını gözləyən suallardır. Azərbaycan üçün bu reallıqda əsas prinsip belə olmalıdır - TDT heç bir böyük dövlətin “əlavə platformasına” çevrilməməlidir. TDT-nin ən böyük uğuru budur ki, türk dövlətləri öz siyasi iradələri və ortaq maraqları əsasında əməkdaşlıq platforması yaradıblar. Sabah Rusiya müşahidəçi kimi daxil olursa, Təşkilatın suverenliyi və müstəqil qərarvermə mexanizmi tam qorunmalıdır. Rusiya ilə əməkdaşlıq – bəli. TDT-nin strateji mahiyyətinin dəyişdirilməsi – xeyr. Yəni “TDT+” formatı daha məqbul görünür. Bu format vasitəsilə Rusiya nəqliyyat, logistika, ticarət, enerji, mədəniyyət kimi sahələrdə əməkdaşlığa cəlb oluna bilər. Amma TDT-nin daxili qərarvermə mexanizmlərinə, türk inteqrasiyasının strateji istiqamətinə və təşkilatın gələcəyinə təsir imkanları məhdud olmalıdır. Sonda bunu da əlavə edək ki,Tokayevin mövqeyinə yalnız “Rusiyanı TDT-yə gətirmək istəyir” kimi baxmaq düzgün olmaz. Qazaxıstan həm TDT-də, həm də Rusiya ilə sıx iqtisadi və siyasi münasibətlər sistemində yerləşir. Tokayevin təklifi müəyyən mənada Türk dünyası ilə Rusiya arasında qarşıdurma yox, dialoq yaratmaq cəhdi kimi də qiymətləndirilə bilər. Xüsusilə, Tokayevin eyni zamanda vurğuladığı bir məqam diqqətəlayiqdir: o, TDT-nin hərbi alyansa çevrilməməli olduğunu bildirib. Bu isə göstərir ki, Astana TDT-ni ilk növbədə iqtisadi, siyasi-humanitar və sivilizasiya əməkdaşlığı platforması kimi görür. Beləliklə, apardığımız analizdən çıxış edərək bu qənaətə gəlmək olar ki, Rusiya TDT-nin tamhüquqlu üzvü olmamalıdır, çünki bu, Təşkilatın türk dövlətlərinin birliyi kimi mahiyyətini dəyişdirə bilər. Müşahidəçi və ya “TDT+” formatında əməkdaşlıq isə nəzəri olaraq mümkündür, lakin yalnız bu şərtlərlərlə:
1. TDT-nin suveren və müstəqil qərarverməsi qorunmalıdır;
2. Rusiya təşkilatın strateji gündəliyini müəyyən edən aktora çevrilməməlidir;
3. Türk dövlətlərinin inteqrasiya prosesinə kənar təsir imkanları məhdudlaşdırılmalıdır;
4. Əməkdaşlıq konkret sahələr – ticarət, nəqliyyat, logistika və mədəniyyət üzrə qurulmalıdır;
5. TDT “böyük güclərin geosiyasi rəqabət meydanına” çevrilməməlidir”.












Bu xəbər üçün şərh yazın