Elton Məmmədov bu YAP-çıya görə ÇIXDAŞ EDİLDİ… – İLGİNC FAKTLAR
Bir az əvvəl məlum oldu ki, Milli Məclisin sabiq deputatı Elton Arzuman oğlu Məmmədov haqqında Mərkəzi Seçki Komissiyasına şikayət edilib.
Dia-az.İnfo rəsmi qaynaqlara istinadla xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.
Qeyd edilib ki, E.Məmmədov 94 saylı Ucar seçki dairəsindən növbədənkənar parlament seçkilərinə namizəd olmaq üçün müraciət edib.
Şəxs haqqında bir qrup seçici tərəfindən daxil olan şikayəti araşdıran MSK üzvü Qabil Orucov E.Məmmədovun təqdim etdiyi məlumatlarda və sənədlərdə ciddi nöqsanlar, saxtalaşdırılmış informasiyalar olduğunu deyib. Onun sözlərinə görə, sabiq deputat əsasən əmlak məsələləri ilə bağlı saxtalaşdırılmış sənədlər təqdim edərək, Dairə Seçki Komissiyasında qeydə alınmasına çalışıb.
MSK üzvü bildirib ki, Elton Məmmədovun təqdim etdiyi məlumatlar nəinki onun deputat seçilməsinə, hətta seçilsə belə mandatının əlindən alınmasına səbəb olacaq saxtalaşdırmalardır. Şikayət Mərkəzi Seçki Komissiyasında müzakirə olunub. Yekun qərara əsasən, dairə seçki komissiyasının qərarı və 94 saylı seçki dairəsindən deputatlığa namizədliyi şəxsi təşəbbüsü ilə irəli sürülmüş Elton Arzuman oğlu Məmmədovun namizədliyi ləğv edilib. Qərar səsverməyə qoyularaq qəbul edilib.
Göründüyü kimi, keçmiş nazir Ziya Məmmədovun qardaşına qarşı bir sürü əks faktordan istifadə olunub. Əslində bu şəkildə xeyli sayda namizədi – hətta adı hakim partiyanın soyahısında olanlardan bəzilərini belə çıxdaş etmək olar.
Amma məsələ Elton Məmmədovla bağlı idi.
Dia-az.İnfo bildirir ki, Elton Məmmədovun sözügedən dairədə əsas rəqibi hakim Yeni Azərbaycan Partiyasının namizədi deputat Ramil Həsəndir. Görünəni odur ki, Ramin Həsənin qələbəsi “yuxarılar” üçün çox əhəmiyyətlidir. Həm də bu o deməkdir ki, Elton Məmmədov gerçəkdən də ciddi rəqib – ciddi problem kimi qəbul olunub…
Bu xəbər üçün şərh yazın